Bakı aeroportunda sərnişinlər ciddi yoxlanılır: Çindən yüklər isə gəlməkdə davam edir
Koronovirusla bağlı Bakı aeroportunda gücləndirilmiş iş rejimi tətbiq edilir. Bütün reyslər üzrə sərnişinlərə ciddi nəzarət var.
Berlin-Bakı reysinin sərnişini Elmira Balıyevanın ENA.az-a verdiyi məlumata görə, Bakı aeroportunda təyyarədən enən kimi yoxlamaların aparıldığının şahidi olub:
Terminalda öskürən hər sərnişinə xüsusi yanaşma var
“Bizimlə bir reysdə Çin vətəndaşı gəlirdi, uşağı ilə birlikdə. Təyyarədən düşmə anındaca qarşıda xüsusi geyimdə olan 6 nəfər və bir nəfər tibb işçisi həmin sərnişinə yaxınlaşdı. Əllərindəki aparatlar vasitəsilə ana və uşağı yoxlanıldı. Sonra bütün əşyaları tək-tək yoxladılar. Bir nəfər rus milliyyətli sərnişin də eynilə kənar yoxlamaya cəlb olundu. Terminalda öskürən hər sərnişinə xüsusi yanaşma və müayinə tətbiq edilir. Əlbəttə bu çox yaxşı haldır, çünki vətəndaşlarımızı qorumalıyıq”,- deyən sərnişinin sözlərinə görə, pasportların qeydiyyat hissəsində də tranzitlərlə bağlı diqqətli yoxlamalar aparılır.
Yüklər gəlir
Çinin Azərbaycanla ticarət dövriyyəsinə gəlincə, ENA.az xəbər verir ki, ikitərəfli ümumi dövriyyə 2 milyard 184 milyon 194 min dollardır və bu ölkə dördüncü yerdə qərarlaşır. Bunun 1 milyard 432 milyon 31 min dolları məhz idxalın payına düşür. Bu səbədən yükdaşımaların vəziyyətini öyrənməyə çalışdıq.
ENA.az-ın yükdaşıma şirkətlərindən əldə etdiyi məlumata görə, dünən Bakı aeroportu həm Pekin, həm də Quançjou istiqamətində reyslərini davam etdirib və yükdaşımalarda heç bir problem yoxdur. Həmcinin yüklərin həcmində də ciddi bir azalma qeydə alınmayıb. Fevral ayından reyslərlə bağlı vəziyyətin necə olacağı isə hələki dəqiq bilinmir.