Avtomobillər geri çağırılır - Azərbaycanda dillerlər bu informasiyanı gizlədirlər
Bir neçə gün əvvəl “Toyota Motor” şirkətinin Rusiyada “Highlander”, “Land Cruiser Prado”, “RAV4” və “Lexus” RX200T, RX350, RX450H modellərində ön şüşə yuyucusunun “forsunka”larında aşkarlanan problemlərlə bağlı avtomobillər geri çağırılıb. Təkcə Rusiyadakı kampaniya çərçivəsində 80,6 min avtomobil geri çağırılıb.
Digər geri çağırılma ABŞ bazarında istismar olan “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modellərinə şamil olunur ki, məhz bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı elektron nasazlıq aşkarlanıb. Kampaniya çərçivəsində ABŞ-da 2,9 milyon avtomobil, ümumiyyətlə isə, “Toyota Motor” bütün dünya üzrə 3,4 milyon avtomobili geri çağırıb.
Eləcə də bax: Avtomobillər geri çağırılır - Azərbaycanda dillerlər bu informasiyanı gizlədirlər
Müxtəlif illərdə “Mercedes-Benz”, “Toyota”, “Volksvagen”, “Porşe”, “Honda” kimi şirkətlərin də müəyyən səbəblərdən geri çağrılma kampaniyası elan etdiyi məlumdur. Amma maraqlıdır ki, Azərbaycanda rəsmi dillerlər tərəfindən belə elanların verildiyi müşahidə edilməyib.
ENA.az xəbər verir ki,bu barədə danışan ekspert Ramil Osmanlı bildirib ki, geri çağırılma rəsmi dillerlər tərəfindən həyata keçirilir:
“Azərbaycandakı rəsmi dillerlər isə bu sahədə olduqca passivdirlər. Bu da ondan irəli gəlir ki, həmin markaların ölkəyə idxalında çox kəskin qiymət dəyişikliyi baş verir. Onların geri çağırılması zamanı itkilər böyük olduğundan bir çox hallarda rəsmi dillerlər bu barədə informasiyanı nəqliyyat alanlardan gizlədirlər”.
Ekspertin sözlərinə görə, bütövlükdə hansısa şirkət müəyyən illər arasında istehsal etdiyi konkret marka ilə bağlı elan verirsə ki, istehsalla bağlı defekt var, bu artıq istənilən ölkəyə idxal olunan nəqliyyat vasitələrinə aiddir, o cümlədən də, bizim ölkəmizə idxal olunanlara:
“Şirkət elan edirsə ki, problem var, “Bizə idxal olunan partiyada deffekt yoxdur”, deyə bir şey yoxdur”.