Portfelinin 73 faizi istehlak krediti olan bank: Mənfəət üzrə liderdir
Azərbaycanda istehlak kreditlərinin artmasını ölkənin ən iri banklarının kredit portfelində görmək mümkündür. Ölkənin bank bazarında ilk üçlükdə yer alan “Kapital Bank” ASC 2019-cu ildə 1 milyard 822 milyon manat həcmində istehlak krediti verib ki, bunun 1 milyard 334 milyon manatı istehlak kreditləridir. Bu isə o deməkdir ki, bankın verdiyi istehlak kreditləri ümumi kredit portfelində 73,2 faiz təşkil edir.
Biznes kreditlərinin həcmində isə əksinə azalma var və bir ildə bankın bu portfelinin çəkisi cəmi 433 milyon 892 min manata düşüb.
Eləcə də bax: Bank torpaq sahəsi alıb, pulunu digər banklarda saxlayır
Aktivlərini nədə saxlayır?
Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 4 milyard 143 milyon 322 min manat olub ki, bu da ötən bir ildə 11,5% artımın olduğundan xəbər verir. Aktivlərdə kredit portfelinin həcmi 1 milyard 501 milyon manat təşkil edir. Ötən bir ildə bankın kredit portfeli 16,3% böyüyüb.
Ümumilikdə aktivlərdə kredit portfelinin payı isə 36 faiz təşkil edir. Bank aktivlərinin 1 milyard 244 milyon 798 min manatını nağd şəkildə saxlayır. Banklara və digər maliyyə qurumlarına 650 milyon manat həcmində kredit verib, 455 milyon manat həcmində vəsaitini isə ticarət və investisiya qiymətli kağızlarında saxlayır.
Depozitləri nəyin hesabına artıb?
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 11,2% artaraq 3 milyard 718 milyon 269 min manata, o cümlədən depozit portfeli 9,8% artaraq 3 milyard 235 milyon 996 min manata yüksəlib. Portfeldə əhalinin əmanətləri azalıb və 1 milyard manatdan 985 milyon manata düşüb. Depozit portfelində qeydə alınan artım isə hüquqi şəxslərin depozit portfeli hesabına baş verib və bir il ərzində 308 milyon manat artımla bu həcm 2 milyard 250 milyon manata yüksəlib.
“Kapital Bank” ASC-nin balans kapitalı isə 14,3% artaraq 425,053 milyon manata çatıb. Balans kapitalında artımın əsas səbəbi bölüşdürülməmiş mənfəətin həcminin yüksəlməsidir.
Bankın məcmu kapitalı 404 milyon 576 min manat, adekvatlıq əmsalı isə minimum 10 faizə qarşı 15,96 faiz təşkil edir.
Xarici valyuta əməliyyatlarından gəliri artıb
“Kapital Bank” ASC 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2018-ci ilə nisbətən 37,4% çoxdur.
İl ərzində “Kapital Bank”ın gəlirləri 571 milyon 302 min manat təşkil edib, bu isə illik müqayisədə 24,6% çoxdur. Bankın xərcləri 273 milyon 156 min manat, yəni 16,2% artıb. Xüsusi ehtiyatlara ayırmaları 34 faiz artaraq 125 milyon 554 min manat olub. Bank mənfəətdən büdcəyə 37 milyon 884 min manat ödəyib.
İlin yekununda bankın pul hərəkəri 2018-ci ildəki rəqəmlərlə eynilik təşkil edir, yalnız bir neçə rəqəmdə fərq var.
Alınmış faizlər 114 milyon 440 min manat artaraq 395 milyon 769 min manata yüksəlib. Bu onu göstərir ki, bank kreditləri üzrə gəlirlərini artırıb. Depozitlər üzrə xərclərini ötən bir ildə 48 milyon manat artıran bank bu məqsədlə 88 milyon manat vəsait xərcləyib.
“Kapital Bank” haqq və komissiyalardan 56 milyon manat daha çox vəsait toplaya bilib. Bank xarici valyuta üzrə əməliyyatlardan ötən ilkindən 6 milyon manat daha çox, ümumilikdə 22 milyon manat gəlir götürüb.
Bank və maliyyə təşkilatlarından maliyyə vəsaiti cəlb etməsində 21 milyon 513 min manat azalma var.