Bank

Bank torpaq sahəsi alıb, pulunu digər banklarda saxlayır

2019-cu ilin sonuna “Azərbaycan Sənaye Bankı”nın (ASB) hesabatına görə, torpaq tikili və avadanlıqların alınmasına 232 min manat xərcləyib. 2018-ci ilə nisbətdə ötən bir ildə bank fəaliyyətini pərakəndə sektorda gücləndirməyərək ancaq korporativ müştərilərlə işləyib. Xüsusən də vəsaitlərini digər bankların istifadəsinə verib.

Eləcə də bax: Portfelinin 73 faizi istehlak krediti olan bank: Mənfəət üzrə liderdir

 

Aktivləri qismən artıb

2019-cu ilin sonuna ASB-nin aktivləri 985 milyon 152 min manat təşkil edib. Bu, 2018-ci ilin sonuna olan göstəricidən 19,8% çoxdur.

Hesabat dövrünün sonuna bankın kredit portfeli 15,9% artaraq 331 milyon 403 min manata yüksəlib. Aktivlərdə kredit portfelinin həcmi cəmi 33,6% təşkil edir. Kreditlərin tərkibi ilə bağlı sektoral bölgüsü açıqlanmır. 

Yuxarıda qeyd etdiyimiz kimi, aktivlərin strukturunda ASB-nin banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitləri xüsusi çəkiyə malikdir. Hesabatda bu göstərici 543 milyon 274 min manat təşkil edir və aktivlərdə bu portfelin həcmi 55%-dir. 

 

Mərkəzi Bankdan kredit alıb

Bankın öhdəlikləri 21,2% artaraq 885 milyon 499 min manat təşkil edib. Bunun 715 milyon 127 min manatını depozit portfeli əhatə edir və bir il ərzində artım 28,1% və ya 157 mln. manat çoxalıb. ASB Mərkəzi Bankdan 105 min manat kredit alıb. Bankın öhdəliklərində maliyyə institutlarına məxsus 113 mln. manat depozit də öz əksini tapıb. Eyni zamanda ASB başqa maliyyə mənbələrindən 45 mln. manata yaxın vəsait də cəlb edib.

 

Nizamnamə kapitalı dəyişməyib

Dekabrın 31-nə bankın kapitalı 99 mln. 652,34 min manatdır. Bunun 32 mln. manatını bölüşdürülməmiş xalis mənfəət təşkil edir. Ötən bir ildə bankın nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olaraq qalıb. Məcmu kapitalın həcmi isə 96 mln. 837 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı minimum 10%-ə qarşı 14,68% olub. Ümumilikdə ötən bir ildə bankın vəziyyəti qismən yaxşılaşıb.

 

İnvestisiya fəaliyyətindən pul qazanıb

Pul hərəkətindən görünür ki, müştəri hesabları üzrə ödənilmiş faiz xərclərinin həcmi artıb. Bu isə depozit portfelinin həcminin artmasından xəbər verir. Mərkəzi Bankda yerləşdirilmiş məcburi ehtiyatların həcmi də yüksələrək 20 mln. manata çatıb. Müştərilərdən götürülmüş əmanətlər üzrə xalis pul vəsaitləri 39 mln. 624 min manat olub. ASB investisiya fəaliyyətindən 314 min manat əldə edib. Bank əməliyyatları nəticəsində pul və pul vəsaitlərinin ekvivalentində 76 mln. manata yaxın artım qeydə alınıb. Nəticədə hesabat dövrünün sonunda bankın pul vəsaitləri 297 mln. 433 min manata yüksəlib.

 

Gəlirləri 2 dəfə artıb

2019-cu ildə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 7 mln. 688,71 min manat olub ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 94,9%  artım deməkdir.

İl ərzində ASB-nin gəlirləri 38 milyon 644 min manat, xərcləri 28 milyon 856 min manat təşkil edir. Bank xüsusi ehtiyatlara 120 min manat ayırıb, mənfəət vergisi kimi 1 milyon 979 min manat ödəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı