Hadisə

Qazaxıstan da İrana uçuşlardan imtina etdi: Azərbaycan şirkəti isə gündəlik reysləri saxlayıb

Qazaxıstanın "Air Astana" və Fransanın “Air France” aviaşirkətləri İraq və İran hava məkanındakı uçuşlardan imtina edib. 

Azərbaycanın “Buta Airways” aviaşirkəti isə Bakı-Tehran-Bakı istiqamətində gündəlik reysləri həyata keçirdiyini və hazırki mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsini planlaşdırmadıqlarını açıqlayıb. 

Yaxın Şərqdəki İran və ABŞ silahlı qüvvələri arasındakı münaqişələrlə əlaqədar Qazaxıstan İraq və İran əraziləri üzərindəki uçuşlardan imtina etməyə məcbur qalıb. Belə ki, Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı və Nur-Sultandan Dubaya gedən marşrutun dəyişdirilməsi barədə qərar qəbul edib.

“Air France” kompaniyasının mətbuat xidmətinin məlumatına görə, bu qərar Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı qəbul edilib.

Xatırladaq ki, yanvarın 8-də Tehran Beynəlxalq Aeroportundan havaya qalxan “Boeing 737” təyyarəsi az sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 170 sərnişin və 10 ekipaj üzvünün hamısı həlak olub. Onların arasında 82 İran, 63 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya, 3 Böyük Britaniya vətəndaşının olduğu bildirilir.

Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800 NG” 2016-cı ildə istehsal olunmuş və sonuncu dəfə 2020-ci il yanvarın 6-da texniki baxışdan keçirilmişdi.

Qəzanın səbəblərini Ukrayna, İran və “Boeing” şirkətinin mütəxəssisləri birlikdə araşdıracaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)