Microsoft şirkəti Windows 10-u ödənişli abunəlik sisteminə keçirdə bilər
İntentedə məlumat ortaya çıxıb ki, Microsoft şirkəti Windows 10 əməliyyat sistemini ödənişli abunəlik sistemi vasitəsilə yaymağa başlayacaq və həmin sistem Microsoft 365 paketinə inteqrasiya ediləcək. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Microsoft 365 paketi Microsoft Office əsasında olan şirkət xidmətləri və proqram təminatını özündə birləşdirən veb servislərdən ibarət platformadır.
Bu paket həmçinin adi istifadəçilər arasında abunəlik vasitəsilə yayılır. Bir neçə gün bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət həmin paketə həmçinin Windows 10 əməliyyat sistemini daxil etməyi planlaşdırır. Abunəlik haqqının nə qədər təşkil edəcəyi və bu halda hansı əlavə şərtlərin olacağı barəsində hələ heç bir məlumat yoxdur. Yalnız məlum olan odur ki, bu halda istifadəçilər üçün xüsus eksklüziv funksiyalar təqdim ediləcək.
Məlumatda qeyd edilib ki, abunəlik sisteminə hələ sözügedən əməliyyat sistemini aktivləşdirməmiş istifadəçilər qoşula biləcəklər. Bu isə o deməkdir ki, əgər sizin cihazınızda artıq Windows 10 varsa deməli siz heç bir abunəlik haqqı ödəməli olmayacaqsınız. Şirkət bu məsələ ilə bağlı daha ətraflı məlumatı 2020-ci ilin yaz fəslində verə bilər. Lakin bu məlumata da bir qədər şübhə ilə yanaşmaq lazımdır.