2020-ci ildə Maliyyə Nazirliyi 5 illik qiymətli kağızlar buraxacaq
Maliyyə Nazirliyi tərəfindən 2020-ci il ərzində ümumi həcmi 850 milyon manat məbləğinədək dövlət qiymətli kağızlarının buraxılışı nəzərdə tutulur.
Bu barədə "ENA"ya Nazirlikdən məlumat verilib.
Qeyd olunan buraxılış çərçivəsində 300 milyon manat dövlət qısamüddətli (1 il və daha qısa) və 550 milyon manat ortamüddətli (1 ildən 5 ilədək) dövlət qiymətli kağızların daxili maliyyə bazarlarında buraxılmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən dövlət istiqrazlarının Buraxılış Şərtləri artıq dövlət qeydiyyatına alınıb.
İnvestorlar tərəfindən daha uzunmüddətli dövlət qiymətli kağızlarına olan tələbatın artmasını nəzərə alaraq 2020-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq dövriyyə müddəti 5 ilədək olan dövlət istiqrazlarının emissiya edilməsi nəzərdə tutulur. Bununla Azərbaycan Respublikası Prezidentin 24 avqust 2018-ci il tarixli 424 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində qarşıya qoyulan vəzifələrin icrası, habelə daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və daha uzunmüddətli qiymətli kağızlar üzrə istinad dərəcəsinin (bençmark) müəyyən olunması təmin edilməklə qiymətli kağızlar bazarının inkişafı daha da sürətləndiriləcəkdir.
Maliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, cari və əvvəlki illərdə olduğu kimi növbəti ildə də dövlət istiqrazları üzrə keçiriləcək hərraclar barədə dövrü olaraq rüblük, habelə həyata keçirilən hərracların nəticələri barədə məlumatlar hərrac baş tutduqdan dərhal sonra Nazirliyin rəsmi saytında dərc olunacaqdır.