Sığorta mütəxəssisi: “Ölkədə özbaşına tikili yoxdur, o tikililərdən kiminsə xəbəri var”
2020-ci ilin yanvarın 1-dən daşınmaz əmlakın sığortası icbarı olacaq.
Mənzil sığortası: Bizi nələr gözləyir.
Bu barədə sığorta mütəxəssisi Xəyal Məmmədxanlı öz fikirlərini bildirib.
O qeyd edir ki, özbaşına tikilən və ya sökülməsi barəsində qərar qəbul edilmiş və ya tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan evlər həmin sığortaya aid deyil. Sığorta bilavasitə həmin əmlakların sığortalanmasını istisna edir. 4 maddə var:
1. Sökülməsi planlaşdırılan əmlak
2. Qəzalı vəziyyətdə olan əmlaklar
3. Tikintisi başa çatmamış- yarımçıq tikililər
4. Özbaşına tikili hesab edilən tikililər.
Düzdür, ölkədə özbaşına tikili yoxdur, qanunda sözdür.O tikililərdən kiminsə xəbəri var, sadəcə qanun üzərində özbaşına tikili hesab olunur.
Sənədsiz tikilən evlərə pay torpaqlarında tikilən evlər daxildir. Bakıda belə evlər çoxdur. Tutaq ki, 10-13 sot pay torpağı paylanılıb. Məsəl üçün, Sovet dövründə Abşeronun hər yerində üzüm bağları bölünüb, paylanıb insanlara və hər kəs ev tikib. Bütün sənədləri var, İcra hakimiyyəti onlara rəy verib, Fövqəladə Hallardan komissiyadan keçib, Azəriqazdan, Azərişıqdan keçib, torpağının çıxarışı var, ev tikib bitirib və çıxarış ala bilmir. Bunun təyinatını niyə dəyişmirlər? Təzədən bu 30 minlik evi söküb, yerinə kartof əkəcəklər yoxsa üzüm? Mülkiyyət hüquqi təsbit olunduqdan sonra, sığorta məsələsi avtomatik həll olunacaq, ünvan məsələsi, ipoteka məsələsi həllini tapacaq. Bunların sığortalanması, cərimə edilməsi də mümkün deyil. Yəni icbari sığorta baxımından bu insanlar hələlik “havadadırlar”
Onların çoxunun alqı-satqı müqaviləsi ilə və yaxud order ilə sığortalaması mümkündür, ancaq elektronlaşdıqdan sonra sığortalamaq olmayacaq. Çünki inteqrasiya olduqdan sonra bazada yalnız kimin adına çıxarış var, mülkiyyəti var, o görünəcək. Qanun ancaq mülkiyyəti demir, mülkiyyətində və faktiki sahibliyində olanı deyir.