“Azersky” peykindən alınan təsvirlər onlayn satılacaq
“Azərkosmos” ASC aşağı orbitli “Azersky” peykindən alınan təsvirlərin onlayn satışı üçün platforma hazırlayır.
Bunu ASC-nin sədr müavini Dunay Bədirxanov deyib.
Onun sözlərinə görə, dövlət qurumları arasında bu məlumatların paylanması üçün ASC tərəfindən daxili GIS sistem istifadəyə verilib.
“Hələ ki, rəsmi olaraq təsvirlərin onlayn satışı baş tutmayıb. Əlbəttə, biz bunu müştərilərimiz üçün müxtəlif texniki üsullarla həyata keçiririk. Lakin açıq platforma kimi biz onu saytımızda dərc etməmişik. Bu istiqamətdə işlər aparılır”, – deyə D. Bədirxanov qeyd edib.
Qeyd edək ki, bu platforma azercosmos.az səhifəsində, “AzerskyStore” bölməsində yerləşdiriləcək. Onun vasitəsilə peyk təsvirlərini koordinatlar, baxış bucağı, optik meyarlar və s. göstəricilər üzrə axtarış verərək əldə etmək mümkün olacaq. Hazır şəkil faylı SHP və ya KML formatında əldə etmək mümkün olcaq.
ASC-nin sədr müavini əlavə edib ki, hazırda “Azərkosmos”un əsas istiqamətlərindən biri peyk xidmətlərinin tətbiqi ilə bağlıdır.
“Sahənin genişləndirilməsi məqsədilə daha çox yerli və xarici şirkətlərlə əməkdaşlıq ediləcək. Məqsədimiz gələcəkdə üstünlüyü peyk idarəetməsinə deyil, daha geniş spektrda peyk texnologiyalarının tətbiqi ilə məşğul olmaqdır. Bu məqsədlə Tədqiqat İnkişaf Mərkəzimizin fəaliyyəti genişləndirəcək”, – deyə D. Bədirxanov əlavə edib.