Tənzimləyici: Əhalinin bank əmanətləri 5,2% artıb
31 oktyabr 2019-cu il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 697,6 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri 5,2% artıb.
Eyni zamanda, oktyabr ayı ilə müqayisədə sentyabrda əhalinin bank əmanətləri 206,3 mln. manat və ya 2,4% artıb.
2019-cu il noyabrın əvvəlinə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 506,8 mln. manat olub. Bu isə 10 ayda 0,5% artım deməkdir. Tələbli əmanətlərin həcmi isə 14,3% yüksələrək, 3 mlrd. 190,8 mln. manat təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin tələbli əmanətləri 7,4% - 113,5 mln. manatadək azalıb.
2019-cu ilin oktyabr ayının sonuna hüquqi şəxslərin banklardakı depozitləri 11 mlrd. 336,7 mln. manat olub ki, bu 10 ayda 9,9% artım olduğunu göstərir. Cari ilin yanvar-oktyabr aylarında hüquqi şəxslərin müddətli əmanətləri 75,8% - 2 mlrd. 548,6 mln. manatadək artıb, tələbli əmanətləri 0,8% - 8 mlrd. 788,1 mln. manatadək azalıb.
Oktyabrın 31-nə banklarda əmanət və depozitlərin ümumi həcmi 20 mlrd. 34,3 mln. manatdır, bu isə 7,8% artımdan xəbər verir.