Sosial iqtisadiyyat

İcra başçısı "Holcim Azərbaycan"dan şikayət edən səhmdarları qəbul edib

Xəbər verdiyimiz kimi "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları hüquqlarının pozulmasından və uzun illərdir dividend ödənilməməsindən şikayət edirlər. ASC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra səhmdarlar Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdilər.

"Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları dövlət qurumlarının qapılarını döyməyə başlayıblar. “Marja” xəbər verir ki, bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şikayətçiləri qəbul edib. Əldə etdiyimiz məlumata görə, İcra başçısı fiziki şəxs səhmdarların qarşılaşdıqları problemin həllinə kömək göstərəcəyini bildirib. Səhmdarların üzləşdikləri vəziyyət haqqında İqtisadiyyat Nazirliyi məlumatlandırılacaq, onlar məhkəmədə vəkil ilə təmin ediləcəklər.

Qeyd edək ki “Holcim Azərbaycan” ASC-nin təxminən 320 narazı fiziki şəxs səhmdarı var. Onlar şirkətin təxminən 95 milyon manat bölüşdürülməmiş mənfəəti hesabına paylarına uyğun dividend ödənilməsini tələb edirlər.

Qaradağ sement zavodunu idarə edən “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir.   

“Holcim Azərbaycan”ın 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti var və 10 ildən artıqdır səhmdarlara dividend ödənilmir. Dividendin ödənilməməsinə zavodun borclu olması göstərilir.

Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda  "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)