Trampdan daha bir orijinal mesaj: Çin bizimlə müqavilə bağlamaq üçün ölür.
ABŞ Prezidenti Donald Tramp, Çin ilə razılaşma olmayacağı təqdirdə gömrük tariflərinin ciddi yüksəldiləcəyini söyləyib.
Tramp, çərşənbə axşamı günü "Economic Club of New York"da etdiyi çıxışında, "Əgər müqavilə bağlamasaq, tarifləri əhəmiyyətli dərəcədə artıracağıq. Tariflər çox artacaq və bu vəziyyət bizə səhv davranan digər ölkələr üçün də keçərli olacaq", - deyib.
Tramp, "Ticarət razılaşmasını yalnız Amerika işçiləri və məhsulları üçün faydalı şəkildə imzalayacam", - deyərək, "Çin bizimlə müqavilə bağlamaq üçün ölür. Birinci mərhələ ticarət razılaşmasına çox yaxınıq, çox yaxında reallaşa bilər", - söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping, ticarət razılaşmasının birinci mərhələsini, bu ay Çilidə keçirilməsi planlaşdırılmış APEC Zirvəsində imzalamağı nəzərdə tuturdular. Lakin zirvə Çilidəki ictimai hadisələrə görə ləğv edilib.