Karyeranızda problemlərin başlamasını müəyyən etmək üçün - ÜÇ SUAL
Fəxri Ağayev yazır...
Klassik vəziyyət: insan illərlə işləyir, vəzifələri artır, şirkət daxilində müəyyən bir ağırlığa malikdir.
Və daha sonra karyerasında başa düşə bilmədiyi problemlər başlayır. Öncə 35-40 yaşlarda yüksəlişi yavaşlayır və durur. Növbəti mərhələdə artıq fərqli vəziyyət olur - zamanında ondan arxada olanlar yüksəlməyə başlayır. Bu mərhələdən sonra isə “təcrübəli” insan yol ayrıcına yaxınlaşır və qarşısında fərqli istiqamətlərdə gedən 2 yol var: yüksəlmə və ya eyni yerdə qalma və bir müddət sonra geriləməyə başlama.
Belə bir yol ayrıcında olmaq özü artıq insan üçün stresdir. Tanıdığım 30 yaş üzəri insanlardan ən az yarısı növbəti addımları edəcək qədər səbirli və cəsarətli olmurlar. Bəs bu yol ayrıcına gəlməmək və öncədən yüksəlməni planlaşdırmaq mümkündürmü?
Düşünürəm ki, hər həftə sonunda, 7 gün və ya 168 saat keçəndə insan özünə 3 əsas sualı verməlidir. Bu sualların cavabları hər birimizin 5 il sonra harada olacağımıza qərar verəcək.
Sual 1. Peşəkar inkişafım üçün nələr etdim?
Müasir böyük sürətlə inkişaf edən inkişaf etməmək - və bütün sahələrdə inkişaf etməmək geri getmək anlamına gəlir. Vacib məqam budur ki, hər yeni karyera mərhələmizdə qarşımıza çıxan məsələlər, problemlər, sıxıntılar həcm və məzmun olaraq öncəkindən fərqlidir. Və bunları həll edə bilmək üçün daim yeni biliklərə ehtiyac var.
Bütün çıxışlarımda dediyim bir məqamı bir daha burada qeyd etmək istəyirəm: hesab edirəm ki, hər bir insanın peşəkar inkişafı onun ən vacib vərdişlərindən biri olmalıdır, və keçən hər həftə bizlər yeni və fərqli biliklərlə öz peşəkar formumuzu qorumalı və gücləndirməliyik.
- Ən son oxuduğunuz peşəkar ədəbiyyat hansıdır?
- Ən son getdyiniz təlim, seminar, konfrans?
- Ən son oxuduğunuz və sahənizə aid olan məqalə?
Bir digər vacib məqam - peşəkar və karyera inkişafı ANCAQ sahəvi biliklər deyil, uğurlu olmaq üçün bir çox dəstəkləyici bilik və bacarıqlara da malik olmaq lazımdır: ünsiyyət bacarığı, psixologiya, bədən dili, və s.
Sual 2. Sağlam və enerjili olmaq üçün mən nələr etdim?
Qeyri-sağlam həyat tərzi, gündəlik həyatda idmanın və fiziki aktivliyin olmaması, doğru qidalanmama zərərli vərdişlərlə bərabər 35-40 yaşdan sonra insanların enerjinin azalmasına səbəb olur. Nəticədə isə halsızlıq, xroniki yorğunluq, daim istirahətə meyilli olma, enerjinin azlığı. Bütün bunlar insanın karyerasına birbaşa təsir edir.
Uzun müddət şirkət sahibləri ilə sıx əlaqədə işləyən biri kimi Sizlərə bir sirr açım. Bilirsiniz, bir şirkətə rəhbər təyinatı ilə əlaqədar qərar veriləndə müzakirələr necə aparılır? “Filankəs rəhbər ola bilər, amma bilirsiniz artıq yaşlanıb sanki – enerjisi azdır, halsız olur, əsəbi və gərginliyi var, insanlarla işləməyə səbri olmur”. Haqqında belə bir fikir olan insan isə özünü çox təcrübəli hesab edir.
Rəhbərin işi nədən ibarətdir? Daim təzyiq altında olur – müştərilər, sahibkar(lar), əməkdaşlar arasında olan konfliktlər, anlaşılmazlıqlar, sıxıntılar, məhsul çatışmazlığı, partnyorların işi gecikdirməsi. Bütün bunlara dözmək və işləri olduğu kimi aparmaq üçün enerji lazımdır. Amma tək bu deyil – rəhbər həm də komanda üzvlərinə də enerji və güc verməlidir.
Özünüzə bu sualları verin :
- Həftədə neçə dəfə idmanla məşğul olursunuz?
- Doğru qidalarla doğru zamanda doğru həcmdə qidalanırsınızmı?
Sual 3. Peşəkar əhatəmi genişləndirirəmmi?
Son illərdə Azərbaycanda dəbdə olan sözlərdən biri “netvorkinq” sözüdür, yəni, peşəkar əhatə.
Peşəkar baxımdan ətrafınızda olan insanlara bir baxın – illərlə ancaq eyni insanlarla ünsiyyətdə olursunuzsa, peşəkar əhatənizi genişləndirmirsinizsə, demək ki, peşəkar həyatınızda artıq problemləriniz başlayır. Və əgər çevrənizdə olan insanlar da illərlə inkişaf etmirlərsə - o zaman daha da çox problemləriniz var.
Peşəkar əhatənin gücləndirilməsi hər baxımdan olduqca mühüm məqamlardan biridir – yeni insanları tanımaq, fərqli baxışları görmək, seçdiyiniz sahədə yenilikləri öyrənmək və s.
- Son 1 ayda peşəkar əlaqələrinizə yenilərini əlavə etmisiniz?
- Yeni insanlar, sahənin gənc peşəkarları ilə tanış olmusunuz?
- Peşənizin ən yaxşı 5 nəfəri ilə şəxsən tanışlığınız var?
- Son 1 ayda neçə nəfər tanımadığınız peşəkarı kofe içməyə dəvət etmisiniz?
Hesab edirəm ki, peşəkar həyatda uğurların davamlılığını təmin etmək üçün biz daim 3 əsas məqama diqqət etməliyik:
- peşəkar biliklərin gücləndirilməsi və davamlı inkişaf;
- güclü enerji və möhkəm sağlamlıq;
- peşəkar əhatənin genişləndiriməsi.
“İşim və peşəkar həyatım rahatdır və mən də rahatam” dediyiniz andan etibarən artıq problemləriniz başlamış olur.
Karyera yüksəlişinizin olması üçün daim əliniz peşəkar formunuzun nəbzində olmalıdır. Keçən hər 7 gündə özünüzə bu 3 sualı verin və hər yeni həftə başlayanda bu 3 sualın cavablarını həftəlik planınıza daxil edin.
Və əgər yuxarıda qeyd edilən mövzularda son 1 ayda heç nə etməmisinizsə, 5 il sonra karyeranızda problemlərin olması üçün artıq bünövrəni qoymusunuz. Rahatlıq hissi narahatlığa səbəb olmalıdır.