Şəhriyar Məmmədyarov 37,500 dollar qazana bilər
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək “Grand Chess Tour” seriyasının altıncı mərhələsində ilk görüşünü keçirəcək.
İlk yarış günündə iştirakçılar rapiddə 3 tur oynayacaqlar. 34 yaşlı qrossmeysterin birinci rəqibi vyetnamlı Le Kuanq Lyomla olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Yarışda Məmmədyarov və Lyomla yanaşı, daha 8 şahmatçı – Anşi Qiri (Hollandiya), Vişvanatan Anand (Hindistan), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Sergey Karyakin, Vladislav Artyomov (hər ikisi Rusiya), Anton Korobov (Ukrayna) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaq.
İştirakçılar 6 – 8 noybarda rapid (1 dövrə), 9 – 10 noyabrda blits (2 dövrə) növündə bacarıqlarını nümayiş etdirəcəklər.
Məmmədyarovun da daxil olduğu 12 tamhüquqli və 14 qonaq iştirakçının mübarizə apardığı “Grand Chess Tour” 8 mərhələdən ibarətdir. İlk 7 raundun nəticəsinə əsasən dördlüyə düşəcək şahmatçılar dekabrın 2-də Böyül Britaniyanın paytaxtı Londonda start götürəcək həlledici mərhələyə vəsiqə qazanacaq.
Hazırda 13,5 xalı və 41,250 dollar gəliri olan Məmmədyarov 12-ci sıradadır. Kot dİvuardakı mərhələni buraxan Azərbaycan şahmatçısı, Xorvatiyada 9-cu, Fransada 8-ci, ABŞ-da isə 10-cu yeri tutub. Lider norveçli Maqnus Karlsendir. Dünya çempionu hələlik 205 min dollar mükafat əldə edib.
Buxarestdə 1-ci yeri tutan şahmatçı 37,500 dollar götürəcək. Yarışın mükafat fondu 150 min dollardır.
Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov bu gün Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirin 1/8 finalında Rusiya təmsilçisi Daniil Dubovla ikinci görüşünü keçirəcək. İlk görüşdə də qalib müəyyənləşməsə, sabah “tay-breyk” olacaq.