Azərbaycanda 81 yaşlı icra başçısı istefa verdi: “Ərizəmi yazmışam” - AUDİO
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib.
Bu barədə Yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü bildirib.
“Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, - deyə Şəmsəddin Xanbabayev əlavə edib.
O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümdi etdiyini deyib.
“Belə də olmalıdır. Hər halda bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək. Ona görə də bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm.
İndi öz aramızdır. Mən ulu öndərlə, Allah ona qəni-qəni rəhmət eləsin, prezidentimizlə işləmişəm. Mənə elə gəlir ki, vicdanla, namusla, qeyrətlə xidmət etmişəm.
Harada oluramsa-olum, evdə olum, pensiyada olum, yenə də möhtərəm Prezidentə və Heydər Əliyevin yoluna hörmətimi və dəstəyimi göstərməyə hazıram. Başqa cür ola da bilməz. Müstəqil Azərbaycana hər bir şəxs xeyir gətirməlidir. Bu bizim respublikamızdır. Bura ki, xarici ölkələrdən gəlib razı gedirlər, biz də işləməliyik də, qardaş”, - deyə o bildirib.
Şəmsəddin Xanbabayevin sözlərinə görə, artıq istefa ərizəsini təqdim edib. O, bundan sonra vaxtını nəvələri ilə keçirəcəyini deyib.
Qeyd edək ki, Ş.Xanbabayevin 81 yaşı var.