Sosial iqtisadiyyat

Azərbaycanın ən yaşlı icra başçısının istefası xəbərinə rəsmi cavab

Prezident İlham Əliyev pensiya yaşı ötmüş məmurları istefa mədəniyyəti göstərməyə çağırdıqdan sonra, ölkə gündəmində yaş tendensiyası aktual məsələyə çevrilib.

 

Sosial şəbəkələrdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin istefa ərizəsi yazaraq, vəsifəsindən getdiyi barədə xəbər yayılıb. 


Hətta rayonda Şəmsəddin Xanbabayevin yola salınması ilə bağlı təmtəraqlı mərasimin keçirildiyi də qeyd edilib və o tədbirdən fotoşəkil də paylaşılıb.

 

Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanıb.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi Yaqut Məsimova bildirib ki, icra başçısı hazırda öz işini icra edir.

 

“Dünəndən bu cür yalnış bir informasiya yayılıb. Hər kəsə bildirmək istəyirik ki, Şəmsəddin müəllim öz işinin başındadır. Heç bir yerə getməyib. Əgər işindən azad olunacaqsa, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində bu barədə hərkəsə məlumat veriləcək ”.


Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin 80 yaşı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)