Azərbaycan məhsulları yeni adla xarici bazara göndəriləcək
“Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracının həyata keçirilməsinin təşkili üçün yeni brendin növbəti ilin yanvarında təqdimatının həyata keçirilməsi gözlənilir”.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.
O vurğulayıb ki, hazırlanmış yeni brendin adı ixrac bazarına uyğun olacaq: “Hazırda brendin adının formalaşdırılması istiqamətində iş aparılır. Brendin adı formalaşandan sonra məhsulların qablaşdırılması məsələsi gündəmə gələcək. Brendin təqdimatından sonra Azərbaycan məhsulları bu adla xarici bazara göndəriləcək. Yəni, bütün məhsullarınız bir ad altında ixrac ediləcək”.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manatdır.