Avtomobil

Şəxsi avtomobillə xaricə gedərkən nələri bilməliyik? - ARAŞDIRMA

Hər il Azərbaycandan minlərlə insan müxtəlif məqsədlərlə xarici ölkələrə, əsasən qonşu Rusiya, Gürcüstan, Türkiyə və İrana səfər edir. Statistika göstərir ki, onların arasında şəxsi avtomobili ilə ölkəni tərk edənlər az deyil. Məsələn, 2018-ci ildə 705 min ölkə vətəndaşı dövlət sərhədini şəxsi maşını ilə keçib. Bu isə avtomobil nəqliyyatı ilə səfər edənlərin 22,3%-ni təşkil edir.

Ökə xaricinə şəxsi avtomobillə səfər zamanı üzləşə biləcəyimiz xoşagəlməz halları, nəzərə alınmalı olan məqamları araşdırılıb. 

Şəxsi maşını ilə mütəmadi olaraq qonşu ölkələrə səfər edən paytaxt sakini Orxan Niftiyev deyir ki, bəzən problemlər sərhədə çatmamış başlayır: "Azərbaycanda avtomobil yollarının vəziyyəti əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşı olsa da, yollarda xeyli sayda radar var. Məsələn, görürsən yolda sürət həddi saatda 110 km-dir, amma təqribən 200 metr gedəndən sonra sürət saatda 90 km-ə, 50 metrdən sonra isə 70 km-ə endirilib. Xüsusulə, Balakən gömrük-keçid məntəqəsi istiqamətində olan yolda radarların sayı çoxdur. Bundan başqa, ikizolaqlı yollar var ki, onlarda ötmə qadağası var. Həmin yollarla yük avtomobillərinin hərəkət etməsi minik avtomobillərinin sürücülərini xeyli ləngidir. Məcbur olursan ki, saatda 30-40 km sürətlə həmin maşınların arxasınca sürəsən. Yaxşı olardı ki, böyük avtomobillər üçün ayrıca yollar salınsın. Həmçinin Azərbaycanda yol kənarlarında yeməkxanalar fəaliyyət göstərsə də, onların əksəriyyətində yeməklərin keyfiyyəti və xidmət səviyyəsi çox aşağıdır. Yaxşı yeməkxanalarda isə qiymətlər yüksəkdir. Buna görə də mən harasa gedərkən evdən yemək götürməyə üstünlük verirəm"

Müsahibimizin sözlərinə görə, Azərbaycandan xaricə şəxsi avtomobillə gedənlər ölkəni əsasən “Qırmızı körpü” - sərhəd keçid məntəqəsi vasitəsilə tərk edirlər: "Nəzərə almaq lazımdır ki, bəzən bu gömrük postunda sıxlıq olur, son nəticədə sərhədi keçmək əlavə vaxt aparır. Gürcüstana keçəndən sonra görüləcək ilk iş avtomobilin sığorta olunmasıdır. Orada da yol hərəkəti qaydalarına nəzarət mexanizmi çox ciddidir. Buna baxmayaraq xarici ölkədən gələn sürücülərə yol hərəkəti cərimələri tətbiq edərkən müəyyən qədər güzəştlə davranırlar. Magistral yollarda radarların sayı çox az, yüksək səviyyəli və sərfəli qiymətlər təklif edən yeməkxanalarının sayı isə çoxdur”.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə mövzuya daha geniş aspektdən münasibət bildirib: “Ölkə xaricinə gedərkən ilk növbədə avtomobilin sənədləri qaydasında olmalıdır. Azərbaycanda sığorta şəhadətnaməsi elektron qaydada verilir. Lakin bəzi ölkələr bu şəhadətnaməni kağız formasında da tələb edirlər. Ona görə də sürücü elektron qaydada sığorta şəhadətnaməsini aldıqdan sonra müştərisi olduğu şirkətdən onun kağız variantını da götürə bilər.

Gürcüstana daxil olan kimi sizin avtomobiliniz sərhəddə sığorta olunmalıdır.Bu zaman bizim sürücülərin narazı qaldığı bir sıra məsələlər ortaya çıxır. Məsələn, gecə saatlarında sərhəddi keçən sürücünün sığorta olunmağa imkanı olmur. Çünki həmin saatlarda sığorta edən qurum bağlı olur. Polis isə həmin sürücünü saxlayanda avtomobilin sığorta edilmədiyinə görə cərimə tətbiq edir. Yəni xarici vətəndaşın ölkəyə gecə saatlarında daxil olduğu nəzərə alınmır.

İranda ölkəyə daxil olan kimi “torpaq basdı” xərci tələb olunur. Hətta Astara ərazisindən daxil olub Naxçıvana getmək istəsəz belə 150-200, bəzən isə 300 manat ödəniş tələb edirlər. Türkiyə ilə bağlı belə bir problemimiz yoxdur.

Əvvəllər bizim sürücülük vəsiqələri ilə bağlı bir sıra ölkələrdə problem yaşanırdı. Belə ki, bizim əlifbada istifadə olunan bəzi hərflər digər ölkələrin yazılarında yoxdur. Ona görə də həmin ölkələrdə bizim sürücülük vəsiqəsinin üzərindəki yazıları oxumağa çətinlik çəkirdilər. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələrinin formatına dəyişiklik etdi. Əgər xaricə gedən sürücü getdiyi yerdə vəsiqə ilə bağlı bu kimi problemlərin yaranmasını istəmirsə İdarəyə müraciət edərək, 40 manat ödəməklə beynəlxalq sürücülük vəsiqəsi ala bilər. Kitabça formasında olan bu vəsiqəni alıb istənilən ölkədə rahatlıqla istifadə etmək olar. 

Azərbaycandan qonşu ölkələrə gedərkən "Yaşıl Kart" sistemindən istifadə olunur. Bu məsələdə Gürcüstan istisnadır. Lakin yaxın müddətdə Gürcüstanda da "Yaşıl Kart" sisteminin tətbiq edilməsi gözlənilir”.

 

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı

"Gecə saatlarında Gürcüstana daxil olan sürücünün sığorta olunmağa imkanı olmur".

 

 

Ekspert qonşu ölkələrdəki yol hərəkəti qaydalarına nəzarət mexanizmi məsələsinə də toxunub:

“Tövsiyyə edirəm ki, vətəndaşlarımız maşınla xarici ölkələrə getməzdən qabaq o ölkədəki yol hərəkəti qaydalarını nəzərdən keçirsinlər. Çünki bizdəki bəzi yol nişanları ilə xarici ölkələrdə olanlar fərqlənir. Məsələn, bri sıra Avropa ölkələrində hospital işarəsi “H” hərfinə oxşar bir simvoldur. Bizdə isə bu işarə fərqlidir. Lakin ümumilikdə dayanma-durma və digər işarələr dünyanın əksər ölkələrində eynidir. Avropa ölkələrində də bizdə olduğu kimi xarici vətəndaş yol hərəkəti qaydasını pozanda ona güzəştlə yanaşılır.

Gürcüstanda yol hərəkəti qaydalarınını pozuntusuna görə inzibati cərimələrin tətbiq edilməsi sistemi çox ciddi şəkildə qurulub. Amma xarici ölkədən gələn sürücü ölkəni tərk edənə qədər qayda pozuntusu barədə bildiriş sistemdə görünməzsə, o zaman sürücü barəsində inzibati protokol tərtib edilir və sürücünün Gürcüstanda avtomobil idarə etmək hüququna müəyyən müddətdə məhdudiyyət qoyulur. Türkiyədə də buna bənzər bir tətbiq mövcuddur. İranda isə yol hərəkətləri qaydalarının pozulmasına nəzartə mexanizmi bir qədər zəifdir. Orada yol hərəkəti qaydalarına bir qədər səthi yanaşılır. Belə ki, çox zaman xırda qayda pozuntularına görə avtomobili saxlayıb sürücüyə yalnız şifahi şəkildə xəbərdarlıq etməklə kifayətlənirlər. Bizdə ciddi qəbul edilib cərimə tətbiq edilən bir çox qayda pozuntuları onlarda elementar yol hərəkəti xətası kimi qəbul edilir”.

Jurnalist-səyyah Azər Qərib da xarici ölkələrlə müqayisədə bizdə yol kənarlarında infrastrukturun zəif olduğunu qeyd edib: Mən xarici ölkələrə gedərkən adətən orada avtomobil kirayələyib sürməyə üstünlük verirəm. Burdan avtomobillə getmirəm. Sonuncu dəfə uzun müddət bundan əvvəl avtomobillə Gürcüstana getmişdim. O zaman da həm yolun uzaq olması səbəbilə, həm də sərhəddə xeyli gözləməli olduğum üçün narahatlıq yaşadım. Ona görə də uzun müddətdir ki, xaricə avtomobillə getmirəm.

Şəxsi avtomobillə xaricə rahat şəkildə getmək üçün ölkə hüdudları daxilindəki yollarda da müəyyən işlər aparılmalıdır. Belə ki, bizdə yollar yaxşı olsa da, infrastruktur bərbad vəziyyətdədir. Yol kənarlarında tualetlərin olmaması bir nömrəli problemdir. Xarici ölkələrdə yol qırağında böyük dayancaq, tualet, kafe və dükanlar olur. Təəssüf ki, ölkəmiz bu sahədə Avropa ölkələrindən bir qədər geri qalır. Bundan əlavə biz sürücü mədəniyyəti baxımından da çox geridə qalmışıq. Xüsusən də axşam hava qaralandan sonra bəzi insanlarda yol mədəniyyəti çox aşağı səviyyədə olur. Sürücülər avtomobilin işıqlarından istifadə qaydalarına riayət etmirlər. Bəzi yol kənarlarındakı nişanlar isə kifayət qədər hündürdə olmadığı üçün yaxşı görsənmir”.

 

Azər Qərib

Jurnalist Azər Qərib

"Yol kənarlarında tualetlərin olmaması bir nömrəli problemdir".

 

Məlumat üçün qeyd edək ki, Azərbaycandan Rusiyaya avtomobillə gedərkən sürücülərin keçməli olduğu gömrük məntəqələri Xaçmaz gömrükxanası üzrə “Samur” gömrük postu və “Xudat” gömrük postu, İrana gedərkən Naxçıva MR Gömrük Komitəsi üzrə “Culfa” gömrükxanası və “Şahtaxtı” gömrük postu, Astara gömrükxanası üzrə Astara gömrükxanası, Biləsuvar gömrükxanası üzrə “Biləsuvar” sərhəd keçid məntəqəsi, Xudafərin gömrükxanası üzrə “İmişli” gömrük postu və “Horadiz” gömrük postu, Gürcüstana getmək üçün Tovuz gömrükxanası üzrə “Sınıq körpü” gömrük postu və “Sadıxlı” gömrük postu, Balakən gömrükxanası üzrə “Mazımçay” gömrük postu və “Muğanlı” gömrük postlarıdır.

Sığorta məsələsinə gəlincə, bu sahədə Azərbaycanla bir sıra ölkələr arasında “Yaşıl kart” sistemi tətbiq olunur. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında beynəlxalq sazişdir. “Yaşıl Kart” haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Bizimlə qonşu ölkələrədən olan Gürcüstan “Yaşıl Kart” sisteminin üzvü olmadığından sürücülər bu ölkənin ərazisinə daxil olarkən yerli sığorta şirkətinin icbari sığorta müqaviləsini əldə etməlidirlər. “Yaşıl kart” üzrə sığorta haqqı nəqliyyat vasitəsinin növündən, səfər edilən ölkədən və səfərin müddətindən asılı olaraq dəyişir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)