Persona

Şirkətə canın qurban

Ramin Musayev yazır...

Kimdənsə bu ifadəni eşitmisiniz? Əminəm ki, olmayıb. Olsa da, yəqin ki, həmin adamı ələ salıb, gülmüsünüz, sonra da “dəli” damğasını vurmusunuz. Olsa da, şirkətin sahibi olub, o da var dövlətini şirkətinə investisiya edib deyə belə deyir.

O gün bir tanışım danışır ki, şirkətimizdə işləyən bir qız ABŞ-da təhsil üçün qrant udub və ora getməyə hazırlaşır. Şirkətdən ayrılanda hamı təbrik edirdi. Amma rəhbərliyin buna laqeyd yanaşması onu kədərləndirib ki, heç olmasa həmin qıza yaxşı işlədiyinə və belə bir uğura nail olduğuna görə motivasiya üçün olaraq mükafat verəydilər. Həm dəstək olardı, həm də şirkətə qarşı positiv münasibət.

“Google” şirkətinin personalı üçün yaratdığı şərait haqqında oxuyurdum. Deməli ki, hər kəs orada azad işləyir, yəni istədiyi vaxt gəlir, istədiyi vaxt gedir, yetər ki, işini yerinə yetirsin. Ondan başqa, mütləq iş masasında oturmaq şərt deyil.

Şirkətin ofisində müxtəlif zonalar var, istəyirsən, uzan işlə. Bundan başqa, pulsuz nahar, iş yerində “su qiymətinə” masaj xidməti, ayda bir dəfə sürpris həftəsonu səyahəti: aeroportda yığışırlar, amma hara gedəcəklərni bilmirlər.

Aparıb, gözəl istirahət və parti təşkil edirlər. Hələ bu harasıdır? Onlara maaş da verirlər, özü də əməlli- başlı. Ona görə də hamı orada işləməyə can atır və yaxşı işləyir ki, onu işdən qovan olmasın. Buna bənzər motivasiya və şərait digər şirkətlərdə də var. Ona görə də milyonlarla gəlir əldə edirlər.

Bizdə də belə şirkətlər var, amma çox az.

Bu məqaləni oxuyanda o söhbət yadıma düşdü. Deyə bilərsiniz ki, “Google” və ona bənzər şirkətlər milliardlar qazanır, onlar bunu edə bilər. Məsələ ondadır ki, onların personalının sayı bizimkilərdən qat-qat yüksəkdir. Həm də həvəslə işləyən personal şirkət sahiblərinə böyük mənfəət gətirmək marağandadır. 

Bəs niyə Azərbaycan reallığında belə korporativ mədəniyyət yoxdur? Bunun iki tərəfi var. 

Çox vaxt şirkət rəhbərləri personalla çox sərt rəftar edir ki, necə deyərlər, “qudurmasın”, yəni sözündən çıxan olmasın, qorxsun və özünü yaxşı aparsın. Bununla yanaşı, az məvacib qarşılğında çox işlədirlər. Sonunda da keyfiyyətsiz iş olur, işçi də deyir ki, nə qədər pul verirsən, onun qarşılığını da alırsan. Belə baxanda düz deyir, amma razı deyilsənsə:

1. Öz məharətini göstər, müdiri maraqlandır ki, sənin işdən getməyindən qorxsun (bu haqda daha öncə yazmışdım)

2. Başqa müəssisədə sənə uyğun olan maaşla iş tap. Amma burada bir maddəyə riayət etmək lazımdır.

Amma digər tərəfdən, çox zaman personal ilə xoş rəftar və yüksək maaş verən rəhbərin hörmətin aşağı düşür. Yəni həmin işçilər onu zəif bilir və hörmətsizlik edir. Ona görə də belə bir məsləhət olur ki, işçinin “gözünün odunu” almaq lazımıdır ki, qorxsun. Bunu ümumilikdə deyirəm, amma az sayda istisnalar da var.

90-cı illərdə gənc olarkən, öz biznesimi qurmuşdum və yaxşı personal toplamışdım.

Başlanğıcda hamı cüzi maaş qarşığında işləməyə hazır idi ki, şirkət ayağa qalxsın. Əla da işləyirdilər. Biznes böyüdü, əlbəttə, maaşlar yüksəldi. O qədər yüksəldi ki, işin keyfiyyəti düşdü.

Havayı əla işləyən adamlar yaxşı maaşla tənbəllik etməyə başladılar. Gənc olduğumdan təcrübəsiz idim və bunun nəticəsini bilmirdim. O zaman insan psixologiyasını öyrənməyə qərar verdim ki, səhvimi tapım və təkrar etməyim. Sonradan artıq belə səhvlər buraxmırdım.

Bəs necə etmək lazımdır ki, bu problemlər olmasın və bununla yanaşı, çalışqan personal olsun. 

Bunun üçün işə yalnız uyğun gələn mütəxəssisləri götürmək, onlara yaxşı maaş və keyfiyyət/satış qarşılığı bonus vermək, səkkiz saatdan artıq işlətməmək, görə biləcəyindən çox iş tapşırmamaq lazımdır. Bununla yanaşı, hər ay (heç olmasa rüblük) şirkət hesabına korporativlər, yarışlar, təbiətdə istirahət təşkil etmək lazımdır ki, kollektiv daha bərk olsun. Bu həm də şirkətə bağlılığı yüksəldəcək.

Bir dəfə toplantıda bir şirkətin direktoru gileylənirdi ki, gəncləri işə götürürəm, amma 6-dan sonra qalıb, pulsuz işləmək istəmir. Yəni adam başa düşmür ki, işdən sonra qalmaq işləmək deyil. İnsanın beyni səkkiz saatdan sonra ancaq keyfiyyətsiz iş görür, kim olur-olsun.

Bir sözlə, həm rəhbərlərə, həm də heyətə demək istəyirəm ki, bir-birinizə qarşı hörmətli və dürüst olmaq lazımdır. İşçi heyəti motivasiya etmək lazımdır ki, sizə də gəlirli olsun.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)