SOCAR yeni istiqrazlar buraxacaq
2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni yatırım fürsətləri təklif edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 mln. 250 min dollarlıq gəlir qazandırıb və istiqraz sahiblərinin ümumi gəliri 15 mln. dollara yüksəlib.
“SOCAR Capital” şirkətindən “ENA”ya verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.
İstiqrazların satış qiymətinin $1046.00-a qədər yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin $181 milyona çatması, bağlanmış əqd sayının 2 000-ə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $32 milyonu ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.
SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enir.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.