Aqrar

Azərbaycanın quşçuluq şirkətinin üçdə biri satışa çıxarılacaq

“İsmayıllı Quşçuluq” ASC-nin nominal dəyəri 351 min manat olan səhmləri satışa çıxarılacaq. Səhmləri əldə edən şəxs ASC-nin 28%-nə nəzarət edə biləcək.

ENA.az ASC-nin elanına istinadən xəbər verir ki, “İsmayıllı Quşçuluq” ASC-nin 175509 ədəd adi, sənədsiz, adlı səhmi 2019-cu il noyabrın 5-də Bakı Fond Birjası QSC-də satışa çıxarılacaqdır. Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə (ünvanBakı şəhəri, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31, Babək Plaza, 7-ci mərtəbə, əlaqə telefonu+994(12) 488-05-88) və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

31 Dekabr 2018-ci il tarixində “İsmayıllı Quşçuluq” 1 milyon 893 min manat cəmi aktivlərə, 1 milyon 257 min 202 manat cəmi kapitala malik olub. Ötən il 5745 manat cəmi gəlir əldə edən şirkət ili 210 manat xalis mənfəət ilə başa vurub. 2017-ci ildə “İsmayıllı Quşçuluq” satışdan 103 min manat cəmi gəlir əldə etmişdi.

 “İsmayıllı Quşçuluq” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 628 601 səhm əsasında formalaşıb. Səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)