"Mən rəsmən bəyan edirəm ki, aviaşirkətlər üçün heç bir məhdudiyyət yoxdur"
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bu gün "KPMG Azerbaijan" şirkətinin nümayəndələri - baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.
Bu barədə “BI”yə AZAL-dan bildirilib.
Məlumata görə, danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında "Open Skies" müqaviləsinin təfərrüatları olub. Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.
C.Əsgərovun sözlərinə görə, belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə “Open Skies” müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. "Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, xarici aviaşirkətlərə beşinci (Bakıdan keçərək tranzit), hətta ən yüksək səkkizinci (ölkə daxilində reyslər yerinə yetirmək hüququ) hava sərbəstliyi hüququ verir. Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, biz hava daşımaları bazarımızdakı bütün yeni aviadaşıyıcıları salamlayırıq".
F.Baxşıyev isə deyib ki, "Open Skies" müqaviləsinin aviasiya sənayesinə təsirinin müəyyənləşdirilməsi üzrə beynəlxalq təcrübənin geniş təhlili aparılıb, bu layihənin mümkün nəticələrinin yumşaldılması üçün təlimatlar, habelə yol xəritəsi hazırlanıb.
Onun sözlərinə görə, bu gün AZAL aviaşirkəti innovasiya, texnologiya və beynəlxalq standartların tətbiqi sahəsində böyük nailiyyətlər əldə etmişdir və mülki aviasiya Azərbaycanın qeyri-neft sektorunun əsas seqmentlərindən biri sayılır.
Həmçinin qeyd olunub ki, "Open Skies" müqaviləsinin imzalanmaya hərtərəfli hazırlanması və ratifikasiya olunması üçün Avropa ölkələrinə 10 ilə yaxın müddət lazım olub.
Danışıqların yekunlarına əsasən Tərəflər KPMG şirkəti tərəfindən hazırlanmış yol xəritəsinin tətbiqi üzərində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər. Həmçinin risk menecmenti, investisiya strategiyası, müəssisələrin kapitallaşdırılmasının qiymətləndirilməsi sahəsində KPMG şirkəti ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.