Londonda Azərbaycanın yeni turizm brendinin təqdimatı olub
Böyük Britaniya Krallığının paytaxtı Londonda Azərbaycanın “Take another look” başlıqlı yeni milli turizm brendinin təqdimatı baş tutub.
"BI" xəbər verir ki, brend Azərbaycan Turizm Bürosu tərəfindən “Excel London” arenasında keçirilən “Dünya Səyahət Bazarı” (WTM) sərgisi çərçivəsində təqdim edilib. Təqdimatda dünyanın aparıcı turizm şirkətlərinin, müxtəlif media orqanlarının nümayəndələri iştirak ediblər.
Turizm bürosunun icraçı direktoru Florian Senqstçmid (Florian Sengstschmid) turizm bazarında yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətindən danışıb. O dünya mediası və yeni turizm şirkətləri ilə birgə işləməyin vacibliyinə toxunub.
Daha sonra Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın yeni turizm brendi və loqosunu təqdim edib. O, Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edərək bildirib ki, ölkə bir çox imkanlara malikdir: “Mədəniyyətimiz, insanlarımız, tarixi gözəlliklərimiz insanları hər zaman özünə çəkir. Biz yeni brendi yaradarkən məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.
Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov isə media və turizm şirkətləri nümayəndələrinə Azərbaycanın Şəki, Şamaxı və sair turizm şəhərləri, ölkədə keçirilən beynəlxalq yarışmalar haqqında məlumat verib.
“Biz həmçinin 2018-2019-cu illərdə Azərbaycan Turizm bürosunun Almanya, Rusya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Çin, Böyük Britaniya, Cənubi Koreya və Fransada nümayəndəliklərini açmağı qərarlaşdırmışıq”,- deyə B.Əsgərov bildirib.
Qeyd edək ki, “Dünya Səyahət Bazarı” 5-7 noyabr tarixləri arasında “Excel London” arenasında keçirilir.