ENA+

Borclunu ifşa etdi, özü çətinə düşdü - KİMDİR HAQLI?

Xəbər verdiyimiz kimi,  "Kontakt Home" mağazalar şəbəkəsinin sahibi “ABC Telecom” şirkəti ona borcu olan qadını qeyri-adi şəkildə ifşa edib. Belə ki, şirkətin hüquq şöbəsi borclunun şəkli əks olunan elanları küçələrə, binanların divarlarına yapışdırıb. Bununla qadını borcunu ödəməyə məcbur etməyə cəhd olunub. 

"BI" xəbər verir ki, "ABC Telecom"um borclu müştəriyə qarşı bu cür hərəkəti birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri həmin elanın şəkillərini  paylaşaraq öz fikirlərini bölüşüblər. Əksəriyyət bu addımın qadının şəxsi həyatına müdaxilə kimi qiymətləndirirək pisləyib. Bunununla şirkətin də imicinə zərbə vurulduğu qeyd olunub. 

Qeyd edək ki, sözügedən borc məsələsi ilə bağlı "ABC Telecom" Nərimanov Rayon Məhkəməsinə müraciət edib.  Məhkəmə qadının şirkətə 1583 manat borcunun olduğunu təsdiqləyib və onun  ödənilməsi üçün qərar çıxarıb. Bundan sonra da xanım borcu ödəməyib və şirkət onun  şəklini Səbail rayonu ərazisində yayıb. 

Bu məsələdə hüquq pozuntusunun olub-olmamasını aydınlaşdırmaq üçün hüquqşünaslar da işə qarışıb.  Onlar şirkətin borclu vətəndaşa qarşı belə bir addım atmasının qanunsuz olduğunu vurğulayıblar. Hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, burada şirkət həm mülki, həm də cinayət məsuliyyəti daşıyır. 

“Əgər məsələ mülki qaydada məhkəmədə araşdırlıbsa və borcu təsdiqini tapıbsa, bu iş artıq mərkəmə icraçılarının səlahiyyətinə aiddir. Vətəndaşın borcu olması və onun fotosunun bu şəkildə yayılması şəxsi həyata müdaxilə hesab olunur. Bu məsələdə şirkət məsuliyyətə cəlb oluna bilər”.

Hüquqşünas əlavə edib ki, Cinayət Məsələsinin 156-cı maddəsində göstərilən şəxsi həyatın toxunulmazlıq hüququnun pozulmasına görə  məsuliyyət nəzərdə tutulub. Eyni zamanda İnsan Hüquqları və Azadlıqlarına dair Avropa Konvensiyasının 8-ci maddəsində də şəxsi həyata müdaxilənin yolverilməzliyi əksini tapıb. Burada şəxsin birinin digərinə borcu olması da onun şəxsi sirri hesab olunur.  

S.Vəkilov qadının şirkətə qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu qeyd edib: "Vətəndaşın borclu olması yalnız iki tərəfə aiddir. Bununla bağlı məhkəmə qətnaməsinin icrası da icra məmurları tərəfindən həyata keçirildiyi üçün bunun belə formada ifaşaedici material kimi divara vurulması məsuliyyətə səbəb olmalıdır. Bununla bağlı həm cinayət işi başlana bilər, həm də vətəndaş özü  mülki qaydada məhkəmədə təzminat davası aça bilər. Vətəndaşın şərəf və ləyaqətinin və işgüzar nüfuzun müdafiəsi Mulki Məcəllənin 23-cü maddəsinə əsasən həyata keçirilir. Bunu  əsas tutaraq qadın məhkəməyə müracəit edə bilər". 

Onu da deyək ki, elanda qadının borcu ödəmədiyinə görə Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verildiyi qeyd olunub. Bu məsələyə aydınlıq gətirən hüquqşünas deyib ki, əgər vətəndaş axtarışdadırsa, onu küçədə elan formasında yaymaq özü bir hüquq pozuntusudur. 

"Axtarış gizli həyata keçirilən əməliyyat-axtarış tədbiridir. Onun ifşa olunması ilə şirkət öz işinə zərbə vurmuş olur. Bu cür məsələlərdə yalnız icra məmuru vətəndaşı tapa bilməyəndə məcburi gətirilmə haqqında qərar qəbul edir. O halda polis orqanlarına müraciət olunur ki, vətəndaşı məcburi şəkildə icra şöbəsinə gətirsinlər. Axtarış yalnız bu anlamda ola bilər".    

Xatırladaq ki, bir müddət əvvəl bəzi bank kollektorları da bu üsula əl atmışdılar. Onlar banka borcu olan vətəndaşların yaşadığı ərazilərdə bu tipli elanlar yayaraq onları belə üsulla borcu ödəməyə vadar etməyə çalışırdılar. Lakin medianın məsələyə müdaxiləsindən sonra kollektorlar bu işə son verdilər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department