Sosial iqtisadiyyat

SOCAR “gübrə daxili bazara baha satılır” faktına əsaslı cavab verə bilmədi

"Həm daxili, həm də xarici bazarlarda karbamidin satış qiymətini bazar müəyyənləşdirir. Biz bu məhsulu prinsip etibarı ilə bütün ölkələrdə eyni şərtlərlə, yəni məhz bazarın və azad rəqabətin müəyyən etdiyi şərtlərlə təqdim edirik".

Bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, SOCAR daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı, yəni daxili bazarda bütün mövcud olan təkliflərdən daha sərfəli şərtlərlə təqdim edir:

“SOCAR karbamidi Azərbaycanda əvvəlki dövrdə idxal olunan karbamidin qiymətindən təqribən 20% daha aşağı qiymətə reallaşdırır. Azad rəqabət şəraitində bu məhsulun satış qiymətinin aşağı düşməsi ilk növbədə istehlakçıların və ümumilikdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır“.

O bildirib ki, SOCAR-ın yanaşması budur ki, daxili bazarda rəqabətli olmaq üçün şirkət bütün mövcud təkliflərdən daha ucuz və daha keyfiyyətli təklif verir:

 “Bütün bazarlarda qiyməti bazar iqtisadiyyatı müəyyənləşdirir. İkinci məsələ də odur ki, bu məhsulu başqa bazarlara çatdırmaq üçün nəqliyyat xərcləri də məhsulun qiymətinin üstünə gəlir. Bu ixrac istiqamətində məhsulun satış qiymətini bir qədər azaltsa da, karbamidi başqa bazarlara çıxarmaq yenə də rəqabətlidir. Mümkün olsaydı, biz bütün istehsal etdiyimiz məhsulu daxili bazarda satardıq. Ancaq istehsal etdiyimiz məhsulun həcmi daxili bazarın tələbatından çoxdur. Beləliklə məhsulun bir hissəsi ixrac edilir və ölkəyə əlavə ixrac gəliri qazandırır. Təbii ki, bu məhsulu başqa ölkələrə çatdırmaq üçün onun qiymətinin üzərinə nəqliyyat xərcləri də gəlir. Bunu da bizə diqtə edən bazar iqtisadiyyatıdır, bazarda olan azad və sərbəst rəqabətdir. Həmin rəqabətin şəraitinə və rəqabətin formalaşdığı şərtlərə görə biz bu məhsulu bazarlara təqdim edirik”.

Qeyd edək ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələri SOCAR-ın karbomid zavodunun istehsal etdikləri məhsulun ixrac qiymətinin ölkədəki satış qiymətindən 35 faiz ucuz olması ilə bağlı məlumat yaymışlar.

Bildirilib ki, bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid zavodu 45 min tona yaxın hazır məhsul satıb. Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 mln. 189 min dollar əldə edilib. Məhsul 159,99 dollar/ton yaxud 272 manat/ton qiymətinə ixrac edilib. İyulda "Aqrolizinq" ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb. Beləliklə, yerli kənd təsərrüfatı ehtiyacları üçün karbamidin qiyməti onun ixrac qiymətindən 148 manat yaxud 35% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)