İranın texnologiya şirkətləri əlaqələri genişləndirmək üçün Bakıya gələcək
İranın elm və texnologiya üzrə vitse-prezidentinin aparatı və İran Milli İnnovasiya Fondu texnologiya sahəsində əlaqələri genişləndirmək üçün texnologiya şirkətlərinin və startapların bir qrup nümayəndəsini oktyabrın 15-dən 18-dək Bakıya göndərməyi planlaşdırır.
ENA.az vitse-prezidentin saytı "Isti.ir"ə istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycanın ən son texnoloji nailiyyətləri ilə tanış olmaq, yerli texnologiya şirkətlərin rəhbərləri ilə görüşlər keçirmək və Azərbaycanda fəaliyyət göstərən elm-texnoloji parklara baş çəkməkdir.
Saytda qeyd olunur ki, səfər İranın texnologiya firmalarına azərbaycanlı həmkarları ilə əlaqə qurmağa, bazarlarını genişləndirməyə, investisiya imkanlarını müzakirə etməyə və müxtəlif sahələrdə iş təcrübəsi ilə tanış olmağa kömək edə bilər.
İran rəsmiləri bu səfərin yeni başlayan startapların motivasiyanı artıracağına inanır.
"Qonşu ölkələrlə əlaqələr qurmaqla şirkətlərin fəaliyyəti və imkanları genişlənə bilər", - saytda qeyd olunub.