“Rəfə qoyulmayan” inkişaf planı: Gədəbəydə hansı işlər görülməlidir?
Ümumi inkişaf planları, nəticəli büdcəsi olmayan sənədlər əksər vaxtlarda “rəfə qoyulmaq” üçün hazırlanır. Buna görə də “Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi hər bir rayon üzrə ayrıca inkişaf planlarını işləyib. 32 yerli inkişaf planında 168 layihə əhatə olunub. Bunların 120-si sosial ( yol , məktəb , baxça infrasturukturu və s. ) 48-i isə iqtisadi layihələrdir. Yerli inkişaf planlarına Gədəbəy rayonunun nəticələri əsasında baxmağa çalışacağıq.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsini 2016-cı il dekabr ayında bağlanmış qrant sazişinə əsasən icra edir. SLRD layəhəsinin büdcəsi 2 milyon avrodur, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyi isə layihənin tərəfdaşlarıdır.
Regional kordinator və Gəncə ofisinin rəhbəri Fariz Qarayevin sözlərinə görə, layihənin ümumi məqsədi regionlar arasında iqtisadiyyatın diversifikasiyasına dəstək vermək, iqtisadi tarazlığa nail olmaqdır.
Layihənin 6 istiqamətindən 2 əsas istiqəmətinə diqqət yetirsək, birinci istiqamət çərçivəsində regionun turizm və kənd təsərrüfatının qiymətləndirilməsi, ikinci istiqaməti dövlət və özəl əməkdaşlığının təşviqinə dəstək vermək, fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tərəfdaşlarımızın bilik və bacarıqlarının artırılmasıdır.
Bilik və bacarıqlarının artılıması 4 modul üzrə həyata keçirilib. 1-ci modul çərçivəsində yerli hakimiyyət nümayəndələrinin və bələdiyyələrin bilik və bacarıqlarının, 2-ci regional iqtisadi inkişaf və idarəetmə bacarıqlarının yüksəldilməsi, 3-cü modul üzrə hədəf məhsulları üzrə dəyər zəncirinin təhlili və 4-cü modul isə turizm və kənd təsərüftaı məhsullarının inkişafıdır. Bu modullarının hər birinin tərkibində müxtəlif təlim mövzuları var və 103 təlim, 53 seminar və 3 təcrübə mübadiləsi həyata keçirilib. Yekunda ümumilikdə bütün tədbirlərin sayı 156, iştirakçıların sayı isə 2854 nəfər olub.
Gəncə-Qazax İqtisadi rayonunda əsas yerlərdən biri də Gədəbəy rayonudur. Gədəbəyin inkişaf planını hazırlayan yerli nümayəndələrdən və mütəxəssislərdən ibarət işçi qrupu kənd təsərrüfatı, turizm, arıçılıq ilə yanaşı, yun emalı, mineral suyun qablaşdırılması, filiz mədənlərinin işlənməsi, xüsusən də mərmər sexinin fəaliyyətə salınmasını təklif edilib. Rayon inkişaf planı özündə kəndlərdəki sosial-iqtisadi məsələlərini əks etdirən bələdiyyələrin hazırladıqları yerli inkişaf planlarını da ehtiva edir.
Gədəbəydə keçirilən “Yaylaq Festivalı”nın festivalının ideyasının əmələ gəlməsi rayon SLRD layihəsi çərçivəsində inkişaf planının hazırlananda yaranıb. Festivalla bağlı Gədəbəydə Koroğlu qalasına getmək üçün yeni körpü tikilib, təxminən 3000 turistə xidmət göstərilib. Bundan başqa, Gədəbəydə turizm potensialının beynəlxalq səviyyədə tanıtmaq məqsədilə “Visit to Gadabay” adlı veb səhifənin üzərində iş gedir. Eyni zamanda, turizm marşrutlarının hazırlanması həyata keçiriləcək. Ümumiyyətlə, Gədəbəy rayonunda görülməsi nəzərdə tutulan layihələr rayonun ümumi iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək edəcək.
Gədəbəyin inkişaf planının ümumi dəyəri 81 milyon 161 min manatdır. Planda turizmin inkişafı üçün böyük potensialın olduğu nəzərə çarpır və bu məqsədlə tələb olunan vəsaitin məbləği 3 milyon 855 min manatdır. Plana aid bölmələr və tələb olunan vəsaitlər aşağıdakı kimi təsnifatlandırılır:
• peşə liseyində turizm otelçiliyi ilə bağlı turizm ixtisasının açılması, otelçilik və turizmin digər sahələrində təlimlərin keçirilməsi (100000 manat),
• festivalların keçirilməsi (200000 manat),
• rayonun turizm potensialını əks etdirən video-roliklərin hazırlanması (40000 manat),
• təbliğat-təşviqat məqsədi ilə buklet və refletlərin hazırlanması (70000 manat),
• turizm məqsədi ilə kənd evlərinin bərpası (Düz Rəsullu kəndi) (80000 manat),
• bələdiyyə hostelinin yaradılması (Miskinli) (150000 manat),
• turist dayanacaqlarının qurulması (Miskinli) (40000 manat),
• çadır turizmin inkişafı (Kiçik Qaramuradlı) (50000 manat),
• 2 ədəd üç ulduzlu otelin tikilməsi (2000000 manat),
• kənd turizmi- strategiya sənədinin hazırlanması üçün araşdırma və seminarların keçirilməsi (50000 manat),
• qış turizmi- strategiya sənədinin hazırlanması üçün araşdırma və seminarların keçirilməsi (50000 manat),
• turizm marşrutlarının yaradılması üçün araşdırmaların aparılması (25000 manat),
• 2 ölkə əhəmiyyətli abidələrə gedən yolların və bir beynəlxalq əhəmiyyətli Böyük Qalaçaya gedən yolun bərpa olunması (1000000 manat).
Sosial sahəhədəki çatışmamazlıqları aradan qaldırmaq üçün isə 47916000 manat nəzərdə tutulur. Bu plan tibb məntəqələrinin təmiri və tikintisindən tutmuş xarici dil kurslarının, kompüter kurslarının təşkili və müxtəlif sahələri əhatə edir. İnfrastrukturla bağlı işlərin ümumi dəyəri isə 24450000 manatdır. Burda ən böyük məbləğ kənd daxili yolların bərpası və təmiri üçün nəzərdə tutulub ki, buda təxminən 12000000 manata yaxındır.
İqtisadiyyatın inkişafı ilə bağlı digər sahələrin inkişafı üçün tələb olunan vəsaitin həcmi 4540000 manat təşkil edir. Bura süd məhsullarının qablaşdırılması, gön dəri emal müəssəsinin yaradılması, mineral və süfrə sularının istehsalı, mərmər və şeben istehsalı, kənd təsərüfatı üçün vahid mərkəzin yaradılması və balıqçılıq təsərüfatları aiddir.
Rayonun ekoloji vəziyyəti də diqqətdən kənarda qalmayıb. Bununla bağlı ayrılması nəzərdə tutulan maliyyə 400000 manatdır. Bu məbləğin əsas hissəsi təxminən 250000 manatı meşə zolaqlarının salınması üçün nəzərdə tutulub.