Persona

“Volkswagen”ə “yox” deyib, UBER-də işləyən həmyerlimiz – UĞUR HEKAYƏSİ

UBER-in Amsterdam ofisində aparıcı proqram təminatı mühəndisi işləyən azərbaycanlı Vüsal Dadalovun müsahibəsini təqdim edirik.

UBER-in Amsterdam ofisində işləyən azərbaycanlı Vüsal Dadalov: “Həmişə olduğumdan daha yaxşı olmağa cəhd etmişəm”

Çoxları böyük qlobal şirkətlərdə çalışmaq istəyir, amma heç də hamı buna nail ola bilmir. O isə istədiyi şirkətdə çalışmaq imkanı əldə edib. Deyir ki, bu istəyinə nail olmaq üçün çox oxuyub, özünü inkişaf etdirib. Bir sözlə, zəhmət çəkib. “İnandığım bir şey var ki, fürsət düşəndə ona hazırlaşma, hazırlıqlı ol ki, fürsət düşəndə problemsiz ondan istifadə edə biləsən” – deyən müsahibimiz dünyanın böyük şirkətlərindən olan UBER-in Amsterdam ofisində aparıcı proqram təminatı mühəndisi işləyən azərbaycanlı Vüsal Dadalovdur.

Qeyd edək ki, V.Dadalov 1986-cı ildə Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. Orta təhsilin 9-cu sinfə qədər həmin kənddə yerləşən məktəbdə alıb. 10-11-ci siniflərdə valideynləri onu 5 nömrəli Kimya Biologiya Təmayüllü Respublika Liseyində təhsil almaq üçün Bakıya göndərirlər. Ali təhsilini isə Neft və Sənaye Universitetində tətbiqi riyaziyyat və kibernetika üzrə alıb.

– Vüsal bəy, 10-11-ci siniflərdə kimya-biologiya təmayüllü liseydə oxumusunuz. Adətən tibbi yönümlü ixtisasları seçənlər orda təhsil alırlar. Sizdə isə ali təhsil tamam başqadır.

– Birinci dəfə universitetə sənəd verəndə tibbi seçmişdim. Amma bu, valideynlərimin yönləndirməsi idi, mənim istəyim yox. Tiblə bağlı bir ixtisasa da qəbul olmuşdum. İxtisası bəyənmədim deyə, davam etmədim. Hərbi xidmətə getdim, qayıdandan sonra isə öz istədiyim sahə – informasiya texnologiyaları üzrə təhsil almaq qərarı verdim.

– Tibdə hansı ixtisasa qəbul olmuşdunuz? Maraqlıdır, yaxşı bir tibbi ixtisasa qəbul olsaydınız, necə edəcəkdiniz?

– Adətən, ixtisas seçimində əvvələ istədiyin yerləri yazırsan, axırda da kəsilməmək üçün bəyənmədiklərini. Qəbul olduğum həmin ixtisası son variant kimi axırda yazmışdım. İxtisasın adı indi dəqiq yadımda deyil, 340-350 bal yığaraq ora düşmüşdüm. Yaxşı ixtisasa düşsəydim, ailənin təzyiqləri ilə yəqin ki oxuyacaqdım. Lakin öz istəyim yox idi.

– İT ilə tanış idiniz?

– İnternetin çox maraqlı bir şey olduğunu, orda nələrsə etmək istədiyimi bilirdim, amma nə iş görəcəyimlə bağlı məlumatlı deyildim. Ətrafımda bu haqda soruşacağım elə bir adam da yox idi. Daxilən sevdiyim bir şey var, o da nəyisə yaratmaq, tikməkdir. Proqramlaşdırma bu imkanı mənə verir.

– 3-cü kursdan artıq işləmisiniz, özü də tam ştatlı işlərdə. Bu necə olub? İşləməyin səbəbi nə idi?

– Universitetə hərbi xidmətdən sonra başladığım üçün hədəflərim özümə bəlli idi. Mümkün qədər tez bir zamanda iş tapmaq üçün lazımi biliklərə yiyələnmək istəyirdim. 2-ci kursun sonuna qədər işdən çox nəzəri suallar məni düşündürürdü. Əsas nələri öyrənməliyəm? Necə öyrənməliyəm? Bazarda nə kimi imkanlar var? Öyrəndiklərim nə dərəcədə təcrübədə yararlı olacaq? 2-ci kursun sonunda isə artıq iş tapmağa fokuslanmışdım. Öyrəndiklərimi mümkün qədər tez bir zamanda praktikada tətbiq etmək istəyirdim. 3-cü kursda artıq ixtisasımla bağlı iş imkanı yarandı və çalışdım. Düzdür, maaş alırdım, amma maaş olmasaydı, yenə gedərdim. İşləyərək özümü daha çox inkişaf etdirəcəyimi düşünürdüm.

Tam ştat işləməyimə gəlincə, proqramçıların heç də həmişə ofisdə oturmaqlarına ehtiyac olmur. Ona görə bir çox şirkətlərdə onların iş rejimi sərbəst olur. Şirkətlə razılaşmışdıq ki, istədiyim vaxt universitetə gedə bilərəm.

 

– “Azercell”ə qədər daha çox kiçik şirkətlərdə çalışmısınız. O şirkətlərin təcrübəsi sizə nə verdi?

– “Azercell”ə qədər 3 il ərzində 3 fərqli şirkətdə işləmişəm. O 3 ildə çox şey öyrəndim. Kiçik şirkətlərdə işçinin üzərinə daha böyük məsuliyyət qoyulur. Böyük şirkətlərdə hər xırda işi fərqli adam görürsə, kiçik şirkətlərdə adətən, əvvəldən axıradək hansısa işi görmək bir işçinin üzərinə düşə bilir. İşləməyə başlamağımın bir ili bitəndə məni artıq müştəri ilə görüşə göndərmişdilər. Müştəridən tələbləri almaq, onun üzərində texniki tapşırıq yazmaq kimi işləri görməliydim. Böyük şirkətlərdə isə bu məsuliyyətin sənə həvalə olunması üçün 5-6 il işləməlisən. Məsuliyyətin altına girmək yaxşıdır, o basqı ilə insan öz üzərində işləyir, “edə bilməyəcəm” dediyi şeyləri belə etməyə başlayır. Böyük korporasiyanın necə işləməsi ilə isə “Azercell”də tanış oldum.

– “Azercell”i çıxsaq, çalışdığınız şirkətlərdə adətən, bir il qalmısınız. Bunun səbəbi nədir?

– Mənim standart iş rejimim deyəsən, bir ildir (Gülür). Bircə “Azercell”də 5 ilə yaxın işləmişəm. Berlində də iki şirkətdə çalışmışam, hərəsində də bir il. Amma heç birinə bir il sonra çıxmaq niyyəti ilə getməmişəm. İşi dəyişməyimin hansısa səbəbi olub. Çox vaxt daha fərqli imkanlar gördüyüm üçün dəyişmişəm. “Azercell”də 5 il qalmağıma səbəb o oldu ki, ölkədə ondan yuxarı elə də seçim yox idi.

Ümumiyyətlə isə, karyeranızda sürətli inkişaf etmək istəyirsinizsə, bir çoxlarının inandığı effektiv yol var. Bir çox insan karyerasında pillələri daha sürətlə çıxmaq üçün bilərəkdən və ya bilməyərəkdən bu yoldan istifadə edir. Və çox zaman da bu prinsip işləyir.

 

– Yəni işi dəyişərək daha tez irəli getmək olar, nəinki eyni iş yerində vəzifə artımını gözləməklə?

– Ola bilər ki, çox adam bu üsulu tətbiq etməsin, amma mən belə edirdim. İşi dəyişməyimin tək səbəbi də bu olmurdu. O dövrdə proqramçılar üçün iş çox idi, mütəxəssis sayı isə az. Əslində indi də elədir. Proqramçı işi rahatlıqla tapa bilirdi. Əgər işi rahatlıqla tapa bilirsənsə, qaldığın yerdə cüzi də olsa, narazılıq görürsənsə, daha fərqli yerə getmək istəyi yaranır. Başqa bir səbəb odur ki, başqa sahədə işləmək və fərqli problemlərin həlli ilə məşğul olmaq istəyirsən.

– 5 il sonra “Azercell”dən daha yaxşısı üçün getdiniz?

– Əlli faiz səbəb o idi. Çünki orda artıq inkişaf etmədiyimi görürdüm. Bir növ komfort zonada idim və bu da tənbəlləşməyə yol aça bilir. Motivasiya axtarırsan, daha fərqli problemlər, daha böyük sistemlər görmək istəyirsən. Həmin vaxtlar çox kitab oxuyurdum, amma ordakı hər şeyi heç də tamlıqla dərk edə bilmirdim. Çünki elə böyük sistemlərlə işləməmişdik. “Azercell” böyük şirkətdir, amma söhbət dünyaya xidmət verən şirkətlərin daha böyük sistemlərindən gedir. Kitabları oxuyurdum, maraqlı gəlirdi, amma tətbiq edə bilmirdim. Digər səbəb o idi ki, fərqli mədəniyyət görmək, Avropada yaşamaq istəyirdim. Səbəblər çoxdur, amma əsas bunlardır.

Qeyd edim ki, indi çalışdığım şirkətdə də “Azercell” vəziyyətinə düşmüşəm. Artıq bunun sonrası yoxdur. Avropanı götürəndə alternativ kimi “Google”, “Facebook” və “Amazon” var. Hansı ki onların içində bəyəndiyim sadəcə “Google”dur. O da UBER-lə eyni korporativ səviyyədə şirkətdir, maaş olaraq çox fərq olmayacaq.

– Əvvəlki işinizlə indiki arasında maaş fərqi nə qədərdir ki?

– Berlində işlədiyim şirkətlərlə UBER-dən aldığım maaş arasında 3 dəfə fərq var.

 

– Almaniyada işə düzəlmək çətindir?

– Almaniyada işə düzəlmək üçün bir neçə mərhələ keçdim. Hər mərhələ 3-4 ay çəkir. Birincisi, “baxıram alınsa” mərhələsi idi. Yəni, sadəcə işlərə baxırdım, deyirdim ki, alınsa, gedəcəm, amma alınmadı. Növbəti 3 ayda ciddi axtarma mərhələsinə keçdim, müxtəlif şirkətlərlə 4-5 müsahibəm oldu. Adətən, ilkin prosesdə, İnsan Resursları mütəxəssisi ilə müsahibədən və ya ondan sonrakı ilk texniki mərhələdən keçə bilmirdim. O anda problemləri dərk etməyə başladım. 1-2 ay ara verib gördüyüm boşluqlar üzərində işlədim. Məsələn, hiss edirdim ki, ingilis dilim müsahibələri keçmək üçün yetərli deyil. Əslində, çox yaxşı bildiyim bir mövzudan sual verəndə izah edirdim, amma orta səviyyədə bildiyim bir sual olanda heç də uğurlu olmurdum. Çünki sualın cavabını tamlıqla bilməsəm də, yaradıcılığımı göstərərək, məntiq işlədərək vəziyyətdən çıxmağı bacarmalıydım. Amma dil biliyim tam da o səviyyədə deyildi. Ona görə ingilis dilini müəyyən səviyyəyə gətirmək lazım idi. 3-cü mərhələdə texniki olaraq hazır idim, dil biliyim də müəyyən qədər yerinə düşmüşdü. Bu mərhələdə 3 şirkətlə danışdım. Onlardan birinin İR mütəxəssisi müsahibə mərhələsində davam etməməyə qərar verdi. Səbəbi də məncə, istədiyim maaşın çox olması idi. İkisi ilə davam etdim, onların hər ikisindən təklif aldım. Biri “Volkswagen”, biri də təklifi qəbul etdiyim OLX GROUP idi.

– “Volkswagen”ə niyə yox dediniz?

– Qayda beləydi ki, bütün mərhələləri keçəndən sonra iş təklifi verməmişdən öncə səni işə çağırırlar, bir gün orda işləyirsən. Həmin günün nəticəsinə baxırlar, əgər xoşları gəlsə, təklif verirlər. Orda iş rejimini xoşlamamışdım, həm də OLX-in verdiyi benefitlər, maaş qat-qat yaxşı idi.

– UBER-də nə qədər vaxtdır işləyirsiz?

– Bu ilin iyul alında başlamışam.

– UBER-in hansı ofisindəsiniz?

– UBER-in baş ofisi Amerikada – San Fransiskodadır. İkinci böyük ofisi isə Amsterdamdadır. Bu, Avropada baş ofisi sayılır. Mən burda çalışıram. Şirkətin bir neçə yerdə böyük ofisi var.

– UBER deyəndə bizdə çox adam taksi şirkəti olduğunu düşünür. Ümumiyyətlə, necə bir şirkətdir?

– UBER-də sadəcə taksi fəaliyyəti deyil. Avropada və Amerikada “UBER eats” şirkəti var, yeməkdaşıma ilə məşğul olur. “UBER freight” var, bu, böyük yük maşınlarının daşınmasını həyata keçirir. Transportla bağlı hər şey bu şirkətdə var. Bu, görünən tərəfidir, amma görünməyən tərəfləri də var ki, buna çox böyük pullar xərclənir. “Autonomous car” onlardan biridir. Yəni sürücüsüz maşınlar. Bununla bağlı bir neçə böyük şirkət arasında soyuq müharibə var. UBER transport sahəsində indiki vəziyyətini gələcəkdə də saxlamaq istəyirsə, bu məsələdə də qalib çıxmalıdır. Bunun üçün də ortada milyardlarla pul dönür.

– İstədiyiniz şirkətlərdə çalışmaq imkanınız olub. Buna nəyin sayəsində nail ola bilmisiniz?

– Qısa cavabı çox çalışmaq, hədəflər qoymaqdır. Avropaya gələndə hədəfim var idi ki, “Google”, “Facebook”, “UBER” kimi şirkətlərdən birinə keçim. OLX-lə başladım, sonra elə Berlində “Careem” şirkətinə keçdim. Sonra isə hədəfim olan UBER-ə gəldim. Bura keçmək 2-3 həftə, yaxud bir neçə ay hazırlaşmağın nəticəsi deyildi. 10 il çalışdığım müddətdə yığdığım təcrübə idi. Azərbaycanda da çox oxuyurdum, Avropaya gələndən sonra oxuma prosesini 20 dəfə artırmışam. Gecə-gündüz bu sistemləri öyrənməyə çalışıram. OLX də böyük şirkət idi, amma ondan da böyük şirkətlər üçün lazım olan sistemləri öyrənirdim. UBER-də də bu şans yarananda gəldim. UBER-ə adi mühəndis kimi işə düzəlmək çox çətindir, aparıcı mühəndis kimi qəbul olmaq isə qat-qat ağırdır. Əvvəlki addımları saymasaq, sonuncu bir müsahibə var ki, onun üçün şirkətə gəlirsən və bu, 6 saat çəkir. Müxtəlif adamlarla görüşürsən, 3 fərqli mövzuda imtahan olur. Avropaya köçəndən sonra belə şirkətdə işləmək üçün 2 il durmadan çalışmışam. İnandığım bir şey var ki, fürsət düşəndə ona hazırlaşma, hazırlıqlı ol ki, fürsət düşəndə problemsiz ondan istifadə edə biləsən.

– Ənənəvi sualımız: uğurunuzun sirri nədir?

– İndiyə qədər əldə etdiklərimin nə dərəcədə uğur olduğunu deyə bilmərəm. Müəyyən dərəcədə uğur hesab etsək, təbii ki bu nəticə heç nədən yaranmayıb. Anam çox bədii kitab oxuyan idi, uşaq vaxtı mən də onun oxuduğu kitabları oxumağa başladım. O kitablar dünyagörüşümə təsir etdi, xəyal gücümü genişləndirdi. Digər tərəfdən, xarakter olaraq ambisiyalı insanam. Həmişə olduğumdan daha yaxşı olmağa cəhd etmişəm. Bəzi adamlar stabilliyi sevir, mən isə daha çətin problemləri görməyi, onları həll etməyi. Eyni şirkətdə qaldığımda belə, həmişə ətrafımdan, menecerlərimdən istəyim o olub ki, daha böyük məsuliyyəti, problemləri üzərimə götürüm. İnsanın limitlərinin olmadığını düşünürəm. İnsan özünü daha ağır yükün altına saldıqca o limitlər açılır, öz gücünün nəyə qadir olduğunu görür. Daha da uğurlu olmaq olarmı? Əlbəttə, bundan da çoxunu əldə edənlər təbii ki az deyil, amma mənim əldə etdiyim hələ ki bunlardır.

 

 

kaspi.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)