MALİYYƏ

"Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycan üçün risklər azdır"

Maliyyə naziri Samir Şərifov son zamanlar dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycan üçün risklərin az olması qənaətindədir.

"Neftin qiymətinin ucuzlaşması o demək deyil ki, biz dərhal dövlət büdcəsinin xərclərini azaltmalıyıq. Bu, ölkə iqtisadiyyatının inkişafına mənfi təsir edir", - deyə o, bu gün parlament komitələri tərəfindən 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Neftin qiymətinin mümkün ucuzlaşması ilə bağlı digər risklərə toxunab nazir qeyd edib ki, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) üzrə heç bir risk gözlənilmir. Çünki son zamanlar ARDNŞ daxili istehlakın daim artması səbəbindən öz məhsullarının satışını, əsasən Azərbaycan daxilində həyata keçirir.

"Hazırda SOCAR böyük həcmdə neft və neft məhsulları ixrac etmir. Kiçik risklər yalnız konsorsiumla (“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat üzrə - İF) yarana bilər, ancaq biz bu riskləri də əhəmiyyətsiz hesab edirik", - deyə S.Şərifov qeyd edib.

O əlavə edib ki, 2019-cu ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 2018-ci illə müqayisədə 300 mln. manat artacaq. "Növbəti ildə hökumət əhəmiyyətli vergi islahatlarına gedir və bu, çox cəsarətli addımdır. Bütün bunlar sahibkarların stimullaşdırılmasına yönəlib. Bu addımlara baxmayaraq, fonddan dövlət büdcəsinə transfertlər demək olar ki, artmayacaq", - deyə maliyyə naziri vurğulayıb.

2019-cu il dövlət büdcəsində bir barel neftin qiyməti $60-dan hesablanıb.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)