Sosial iqtisadiyyat

Payız mövsümünün hava proqnozu açıqlanıb

Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək".

ENA.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq: "Bu fərq 0,5-0,7 dərəcə təşkil edəcək. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-nə keçən gecə Bakıda və Abşeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər".

U.Tağıyeva bildirib ki, növbəti küləkli dövr sentyabrın 28-dən 29-na keçən gecə olacaq: "Külək güclənsə də, şiddətli olmayacaq. Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq".

U.Tağıyeva vurğulayıb ki, keçid dövrünə xas olan proseslər noyabr ayının ikinci yarısında müşahidə olunacaq: "Bu ayda hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur. Fəsli proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payız fəslində bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq".

Departament direktoru həmçinin fəsillər dövründə havaların necə keçməsi ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: "Çoxillik meteoroloji müşahidələr göstərir ki, yayın və qışın necə keçməsi arasında əlaqələr mövcud deyil. Etibarlı məlumatlar üçgünlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın necə olacağı, yaxud qar yağıb-yağmayacağı barədə nəsə demək tezdir". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department