Bakıda bütün avtobuslar kart sisteminə keçir
2019-cu il şəhər nəqliyyatının inkişafı, xüsusən də ictimai nəqliyyat sektorunda ciddi dəyişikliklər ili olacaq. Qarşıdakı aylarda vətəndaşlarımız bu müsbət dəyişiklərin real şahidi olacaqlar.
Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum rəsmisi bildirib ki, yeni alınan 300 avtobusun artıq 200-ə yaxını Bakıya gətirilib. “Gətirilən avtobusların hamısı 12 metrlik avtobuslardır. Çatdırılma prosesi davam edir. Avtobusların gətirilməsi ilə yanaşı, onların istismara veriləcəyi xətlərin müəyyənləşdirilməsi istiqamətində çox ciddi işlər gedir. Vətəndaşlardan daxil olan müraciətlərin də burada böyük rolu olacaq. İlkin mərhələdə ən çox narahatlıq doğuran xətlərin dəyişdirilməsi planlaşdırılır”.
M.Ağayev, həmçinin qeyd edib ki, yeni optimallaşdırma işləri çərçivəsində bəzi marşrut xətlərinin ləğvi, yenilərinin təşkili planlaşdırılır.
“Digər bir istiqamət avtobusları idarə edəcək sürücülərin işə qəbuludur. Sizin vasitənizlə müraciət edirəm ki, müvafiq sürücülük vəsiqəsi olanlar və qanunvericiliklə qoyulan tələblərə cavab verən vətəndaşlarımız sürücü kimi işə qəbul olunmaq üçün” BakuBus” MMC-yə müraciət edə bilərlər”.
BNA rəsmisinin sözlərinə görə, qarşıdakı aylarda bizi gözləyən ən mühüm yeniliklərdən biri də kart sisteminə keçidin tamamlanmasıdır:
“2020-ci ilin yanvarın 1-ə qədər Bakıda ictimai nəqliyyatda kart sisteminə keçid təmin olunacaq. Ümumiyyətlə, ətraf ərazilərdə yaşayanlar daha müasir və keyfiyyətli şərnişindaşıma xidmətlərindən istifadə edəcəklər. Uzun zaman sərnişindaşıma xidmətlərinin təşkilində ətraf ərazilərdə yaşayan sakinlərə olan münasibət tamamilə müsbət mənada dəyişdiriləcək”.