Palata və SECO müzakirələr aparıb
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti arasında görüş keçirilib.
ENA.az-ın MBNP-yə istinadən verdiyi məlumata görə, görüş zamanı SECO-nun qrant vəsaiti hesabına həyata keçirilən Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası (FSMP2), həmçinin Palata və SECO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov SECO-nun nümayəndə heyəti ilə ötən ilin sentyabr ayında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq həm FSMP2 layihəsi, həm də ölkədə maliyyə əlçatanlığının yaxşılaşdırılması məqsədilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin, Özəl Kredit Bürosunun və Kredit Zəmanət Fondunun yaradılması çərçivəsində göstərilmiş dəstəyə görə SECO və İsveçrə hökumətinə minnətdarlığını bildirib.
Daha sonra, ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə pozitiv təsirləri, maliyyə sektorunda davam edən müsbət dinamika və maliyyə bazarları üzrə hüquqi və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Maliyyə bazarlarında davamlı inkişafın önəmli faktorlarından biri kimi problemli kreditlərdən danışan İ. Alışov fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər barədə danışıb.
SECO-nun Makroiqtisadi dəstək üzrə Proqram rəhbəri Reto Veyerman ölkədə dəfələrlə səfər etdiyini və əvvəlki illər ilə müqayisədə Azərbaycanın istər maliyyə sektorunda, istərsə də digər sahələrdə nəzərə çarpan irəliləyişlərin müşahidə olunduğunu bildirərək Palata nümayəndələrini Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olması münasibətilə təbrik edib.
Qeyd edək ki, FSMP2 maliyyə sektorunun potensialının artırılması və iqtisadi artımın dəstəklənməsi məqsədilə kreditləşmənin yenidən həyata keçirilməsi üçün Azərbaycanın maliyyə sektorunda bir sıra prioritet sahələri, o cümlədən hüquqi və tənzimləyici bazada islahatlar, maliyyə bazarlarına nəzarət qurumu olan palatanın potensialının gücləndirilməsi, bank sektorunun stabilləşdirilməsi, əmanətlərin sığortalanması bazasının gücləndirilməsi, maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və problemli kreditlərin restrukturizasiyasının dəstəklənməsini əhatə edəcək.