Statuslar

Sürücülərə tapşırın ki, məktəbli uşaqlara güzəşt etsinlər

Yeni tədris ili başlar- başlamaz çox ciddi bir məsələ gündəmə gəlib.
Şagirdlərin gediş haqqı problemi.

Buradan Nazirlər kabinetinə, Milli Məclisin deputatlarına, Təhsil Nazirliyinə, Bakı Nəqliyyat Agentliyinə müracət edirəm:
Orta məktəblərdə oxuyan şagirdlərin gediş haqqından azad edilməsi ilə bağlı addım atın.

Düzdür, 5 yaşdan yuxarı uşaqlar nəqliyyat xərci ödəməlidirlər. Bu qərar Nazirlər Kabinetinin qərarında da öz əksini tapır.
Sadəcə olaraq sürücülərə tapşırın ki, məktəbli uşaqlara güzəşt etsinlər. Çünki bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər.

Bu gün xoşagəlməz bir hadisə baş verib. Bakı BUS -un sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Bəli, bu onun vəzifə borcudur. Bəs insanlıq? Ana imkanı olmadığını bildirsə də sürücü onları avtobusdan düşürüb.

Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir. Gələcəyin şəxsiyyətlərinə belə davranmayın.
Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi və bu kimi qurumlar elə günü bu gün avtobus sürücülərinə müraciət edəcək ki, şagirdlərdən gediş haqqı tələb olunmasın.

 

Kamran Əsədov
Təhsil eksperti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department