Statuslar

MTRŞ haradadır, bilən varmı ?

MTRŞ haradadır, bilən varmı ?

Müharibə şəraitində olan bir ölkədə efir məkanının tam söndürülməsi və hətta bunun qabaqcadan elan edilməsi hansı məntiqə sığır ?

Bu gün NRYTN-nin "Teleradio" İstehsalat Birliyi yenə elan edib ki sentyabrın 16-da Azərbaycanın efir məkanında profilaktika işləri aparılacaq.
Bununla əlaqəli həmin tarixdə saat 06:00-dan 15:00-dək telekanal və radioların yayımı dayandırılacaq.

Yenə “həmin kordinat həmin dalğadır”. Son zamanlar bu ifadədən tez-tez istifadə etməyə başlamışam. Çünki görünür ki bəzi dövlət qurumları, inhisarçı qurumlar köhnə prinsiplərini dəyişmək istəmirlər.
TELERADİO İstehsalat Birliyi İNHİSARÇI dövlət qurumdur, texniki cəhətdən yayım siqnallarını göndərən yeganə qurumdur. Hansı ki kefi nə zaman istəyir göndərə də bilər, sanitar günü elan edib göndərməyə də bilər.
Efirə cavabdeh dövlət qurumu olan MTRŞ isə sanki yoxdur. TELERADİO inhisarçısının belə absurd açıqlamalarına və hərəkətlərinə heç bir reaksiya yoxdur . Hökumətə heç bir təklifi də yoxdur.

Diqqət yetirin, lütfən.
16 sentyabr tarixi ölkədə əhəmiyyətli bir gündür. İlk dəfə dərs başlayacaq. Yüz minlərlə uşaqlar ilk gün dərsə gedəcək. Güman ki ölkə rəsmiləri də tədbirlərdə iştirak edəcəklər.
Amma TELERADİO və MTRŞ deyir ki bunun bizə dəxli yoxdur . Biz gərək qrafik üzrə avadanlıqların tozunu silək.

Həm də cəmi iki il öncə məlumat verilmişdi ki alternativ bir teleqüllə də tikilib və hətta dövlət vəsaitləri də ayrılıb. Bunun da məhz profilaktikanın qarşısını almaq, dayanıqlı informasiya təminatı üçün qurulduğu bildirilirdi.
eTender saytına nəzər salmaq kifayətdir ki TELERADİO inhisarçısının nə qədər vəsaitlər aldığını görəsən.

Bəs nə baş verdi ?
Hara yox oldu alternativlər. Bu qədər resurslara malik olan ölkənin TELERADİO yayımı nə üçün söndürülməlidr axı ?
Müharibə şəraitində olan bir ölkənin, əhəmiyyətli bir gündə bütün efirini söndürmək nə dərcədə doğrudur ?
Əgər, həmin gün internet bağlantısı da yox olarsa təsəvvür edirsinzimi bunun fəsadları necə ola bilər ?

Dəfələrlə bu haqda yazılıb, amma nəticə yoxdur.
İndi mən sual edirəm ölkənin informasiya siyasətinə, MTRŞ fəaliyyətinə nəzarət edən Prezidentin köməkçisi hörmətli Əli Həsənova.
Nə üçün bizim milli informasiya resurslarımz ildə bir neçə dəfə tam susmalıdır? Nə üçün xüsusi, əhəmiyyətli günlərdə efir yayımı dayanmalıdır? Alternativlərdən nə üçün istifadə edilmir ?
Qəribədir ki, müharibə şəraitində olan bir ölkədə bunu qabaqcadan elan etməklə həyata keçirirlər. Bu nə dərəcədə doğru bir yanaşmadır ?

Ölkəmizin şimal-qərbində, cənubunda, sərhəd bölgəsində qonşu ölkələrin teleradio qurumları meydan sulayır. Bizim ümumrespublika radiolarımız sərhəd bölgələrində keyfiyyətli fəaliyyət göstərə bilmirlər. Biz efir məkanımıza yetrəincə nəzarət edə bilmirik.
Belə olan halda məhdud resurslarımızın da dayandırılması nə dərəcədə doğrudur ?

Düşünürəm ki bu sahədə işlərə yenidən nəzər salmaq lazımdır. İnformasiya siyasətimiz müasir tələblər baxımından yenidən işlənməlidir.
Əlbəttə, qlobal dünyada çox çətindir milli informasiya məkanı formalaşdırmaq.
Amma düşünürəm ki biz efir məkanımıza, informasiya fəzamıza nəzarətlə bağlı bizdən asılı olan bütün imkanlardan maksimum istifadə etməliyik.
Efirin , infomasiya fəzasının dayanıqlığı üçün real alternativlər qurulmalıdır, bunun üçün zəruri resurslar ayrılmalıdır.
MTRŞ və TELERADİO inhisarçısının qarşılıqlı münasibətləri yenidən tənzimlənməlidir.

 

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department