Sosial iqtisadiyyat

AQTA və Təhsil Nazirliyi məktəblərdə qidalanma məsələlərinə birgə nəzarət edəcək

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasından 500-də lazımi monitorinqlər həyata keçirilib".

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri qeyd edib ki, hazırda uşaq bağçalarında yoxlamalar davam edir: "Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinqlər barədə məlumat verəcəyik".

Qoşqar Təhməzli bildirib ki, hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət ediləcək və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin olunacaq. Q.Təhməzli eyni zamanda qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqların qidalanmasının necə olması barədə təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: "Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların təhlükəsizliyinə baxacağıq. Biz tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlamışıq, bunları daha sonra açıqlayacağıq. Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department