Azərbaycan və Hindistan üçüncü ölkələrin İT bazarına çıxmaq istəyirlər
“Azərbaycan və Hindistan üçüncü ölkələrin İnformasiya Texnologiyalar (İT) bazarlarında iştirakla bağlı müzakirələr aparırlar”.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Y.Abdullayev qeyd edib ki, bu ilin yayında Hindistandan gələn ticarət missiyaların iştirakı ilə biznes forum təşkil edilib: “Biznes forum çərçivəsində əldə edilmiş razılıqlara uyğun olaraq İT sektorunda fəaliyyət göstərən iki Hindistan şirkəti Bakıda ofislərini açmaq istəyirlər”.
Onun sözlərinə görə, Hindistanın dünyada İT sahəsində ön sıralarda olduğunu nəzərə alaraq Hindistanın Banqlador vilayətinində fəaliyyət göstərən İT şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi müzakirə edilir: “Bununla yanaşı, AZPROMO-nun mütəxəsisləri ilə şirkətlərin nümayəndələri arasında görüşlər keçirilir və ortaq nöqtələr axtarılır ki, hansı sahələrdə biz üçüncü ölkələrin bazarlarında iştirak edə bilərik”.
Xatırladaq ki, 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə fəaliyyət göstərir. AZPROMO Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərir və dəstək verir.