“AzerGold” qızıl və gümüş istehsalını kəskin artırıb
Bu ilin yanvar-avqust aylarında “AzerGold” QSC 34 678 unsiya qızıl istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4% çoxdur.
“AzerGold”dan verilən məlumata görə, hesabat dövründə QSC tərəfindən istehsal olunmuş gümüşün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 63 698 unsiyaya çatıb.
Xatırladaq ki, “AzerGold” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
QSC Çovdar, Köhnəmədən, Kürəkçay, Göydağ, Dağkəsəmən, Qaradağ sahələrində fəaliyyət göstərir.