ENA+

"15 milyard dollar kredit verin, ya da neft alın"

İran hakimiyyəti nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma müqaviləsinin şərtlərinə əməl etmək üçün yeni şərtlər irəli sürüb.

ENA.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Sloveniyanın paytaxtı Lyublyanada KİV nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şərtlərə əsasən, 2019-cu ilin sonunadək Avropa İttifaqına üzv ölkələr İrandan neft almağa başlamalı, yaxud 15 milyard dollar məbləğində kredit verməlidir. Nazir müavini qeyd edib ki, bu kredit neftin pulunun qabaqcadan ödənilməsi hesab olunacaq.

A.Arakçi vurğulayıb ki, İran 15 milyard dolları aldıqdan sonra Almaniya, Britaniya, Fransa, Çin və Rusiya ilə nüvə proqramını müzakirə etməyə başlayacaq.

“Nüvə müqaviləsi barədə yenidən müzakirələr olmayacaq. Lakin başqa bir tərəf bu məsələdə ciddi çatışmazlıqların olduğunu iddia etdiyi üçün müqavilənin doğru şəkildə reallaşması gündəlikdə ola bilər. Bütün beynəlxalq dəniz yollarında təhlükəsizlik məsələsini də müzakirə etmək mümkündür. İran körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsizliyi və sərbəst hərəkəti ilə bağlı məsələləri müzakirə etməyə hazırdır”, - deyə nazir müavini qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)