Azərbaycanda 14 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 7-nin yığımları illik müqayisədə artıb, 14-nün yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
ENA.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-ayda 14,884 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları ötən 7 ayda 38,778 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,3% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 7 ay ərzində 1,001 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 91,2% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 0,2% azalaraq 23,029 milyon manata düşüb.