Çində sərbəst ticarət zonaları yaradılır
Çin Dövlət Şurası ölkə ərazisində altı yeni sınaq sərbəst ticarət zonaların yaradılması ilə bağlı layihə təsdiqləyib.
ENA.az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, həmin xüsusi zonalar ölkənin cənubundakı Quanqsi Juanq muxtar bölgəsində, cənub-qərbdəki Yunnan əyalətində, şərqdəki Şandonq və Cianqsu əyalətlərində, şimal-şərqdəki Heilonqcianq əyalətində, şimaldakı Hebei əyalətində yaradılır.
“Yeni dövrdə Çin Xalq Respublikasının açıqlığını artıran strateji tədbirlərdən biri” kimi təqdim edilən layihənin ölkənin ayrı-ayrı regionları ilə dünya arasındakı iqtisadi-ticari əməkdaşlıq əlaqələrinə dövlət məhdudiyyətlərini aradan qaldırmaqla keyfiyyət artımına və milli potensialın üzə çıxarmasına başlamaq barədə dövlət başçısı Si Cinpinq tərəfindən irəli sürülmüş fikirlər nəzərə alınmaqla icra olunacağı göstərilir.
Qeyd edək ki, iyunun 28-də Osakadakı G-20 sammiti zamanı Çin dövlət başçısı yaxın zamanlarda idxalatın artımına maneə yaradan bir sıra süni əngəlləri aradan qaldıracaqlarını, beynəlxalq ticarət əlaqələrinə xələl gətirən sistem qüsurlarını dəf etmək üçün yaxın vaxtlarda altı sərbəst ticarət zonası təsis ediləcəyini, bununla yanaşı iqtisadi qloballaşma proseslərinin geniş sirayət etdiyi Şanqhai bələdiyyəsinin və cənubdakı kurort bölgəsi olan Hainan əyalətinin də inkişaf strategiyasına xüsusi diqqət yetirəcəklərini açıqlamışdı.