Azərbaycan əhalisi pulunu hansı banka etibar edir? – RENKİNQ
İyun ayının yekunlarına görə, Azərbaycan əhalisinin banklarda 18 milyard 831 milyon manat depoziti var. Bunun cəmi 5 milyard 337 milyon manatı fiziki şəxslərin qoyduğu müddətli depozitlərdir, hansı ki, bankların kredit portfellərinin formalaşmasında da məhz bu depozit məhsulu əsas yer tutur. Ümumilikdə fiziki şəxslərin depozitlərinin həcmi isə 8 milyard 6 33 milyon manatdır. Hüquqi şəxslərin depozitləri isə 10 milyard 197 milyon manat təşkil edir, bunun da cəmi 2 milyard 253 milyon manatı müddətli depozitlərdir.
ENA.az xəbər verir ki, mart-iyun ayları dövründə depozit portfelində ən böyük artım faizlə AFB Bankda, manatla isə Kapital Bankda müşahidə edilib. Kapital Bank depozit porfelini 164 milyon manat böyütdüyü halda, AFB Bank 61 min manat artırıb. Rüb ərzində müştəri etimadı portfeli ən çox əriyən Paşa Bank olub. Müştərilər bu bankdan 234 milyon manatı geri çəkiblər.
Hazırda depozit portfelinin həcminə görə ilk beşlikdə Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Kapital Bank, Xalq Bank, Bank Respublika dayanır. Onların depozit portfelinin həcmi 13 milyard 416 milyon manatdır. Bu isə o deməkdir ki, bu banklar ümumi depozit portfelinin 71,2%-ni tutur, təbii ki, bu da bazarın təmərküzləşməsini göstərən amildir.