Rəsmi

Azərbaycanın ən gənc icra başçıları - SİYAHI, FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Zeynalov Bakının Səbail, Tahir Məmmədov isə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunub. Yeni təyin olunan başçılardan Tahir Məmmədov gənc kadrlar siyahısında yer alır.

Yaşı 45-in altında olan icra başçıları ilə bağlı araşdırma aparılıb.

Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin 45 yaşı var. Özü haqqında informasiyaları ciddi-cəhdlə ictimaiyyətdən gizlədən S.Abdullayev artıq 8 ildir bu vəzifəni daşıyır. Hətta İcra Hakimiyyətinin rəsmi saytında belə onun haqqında hər hansı informasiyaya rast gəlmək olmur. Baxmayaraq ki, ondan başqa bütün icra başçılarının haqqında informasiyalar onların rəhbəri olduğu qurumların elektron saytlarında dərc olunub. Bakıda anadan olan icra başçısının bundan öncə harada çalışması barədə dəqiq məlumat yoxdur.




Dünən Şamaxı rayon İcra Hakimiyyətinin başçı təyin olunan Tahir Məmmədovun 42 yaşı var. Dövlət idarəçiliyinə mətbuatdan gələn T.Məmmədov İctimai TV-də departament direktoru və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Daha sonra Heydər Əliyev Fondunda şöbə müdiri, "Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, YUNESKO-nun "İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədri vəzifələrini tutub. Son iş yeri isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. Burada o, nazir Ramin Quluzadənin müşaviri olub.




Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin 42 yaşı var. 1999-cu ildən Laçın İcra Hakimiyyətində çalışan A.Nəzərli buna qədər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində hüquqşünas, Hüquq şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrində çalışıb. Ehtiyatda olan zabit A.Nəzərli artıq iki ildən artıqdır icra başçısıdır.




Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 37 yaşı var. 1981-ci ildə Sabirabad rayonunda anadan olan A.Hüseynov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sosial İnkişaf İdarəsinin rəis müavini postunu tutan Asif Hüseynov üç ildir bu rayona rəhbərlik edir.



azxeber.com

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)