Sosial iqtisadiyyat

Marketlər meyvəni ucuz satmaq əvəzinə bahalaşdırıb zibilliyə atır?

Vətəndaşlar mövsümi meyvə-tərəvəzin qiymətlərinin baha olması ilə bağlı günlərdir şikayət edirlər. Sosial şəbəkələrdə bəzi müştərilər bildirir ki, böyük marketlər meyvə-tərəvəzi baha qiymətə təklif edir, amma alıcı tapa bilmir. Belə olduqda məhsullar xarab olaraq tullantı kimi atılır. Sosial şəbəkə istifadəçiləri təklif edir ki, məhsul ucuzlaşdırılsın, nəticədə həm mağaza, həm də müştərilər qazansın.

Məsələ ilə bağlı “Araz” supermarketin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Billurə Əmirova  bildirib ki, onlar müştəri məmnuniyyətini düşünür: “Bizim istəyimiz meyvə-tərəvəzi baha qiymətə təklif edib vitrində xarab etmək yox, məhsulları bazar qiymətinə təklif edib müştərilərimizin üzünü güldürməkdir. Biz günlük bazar qiymətlərini monitorinq edirik və öz qiymətlərimizi də ona görə tənzimləyirik. Yəni, adıçəkilən məhsullar bazar qiymətinə satılır”.

“Bazar store” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Günay Novruzqızı təmsil etdiyi supermarketdə meyvə-tərəvəzin qiymətinin baha olmadığını bildirib: “Müştərilərimiz də qiymətlərdən narazı deyil. Ümumiyyətlə, meyvə-tərəvəzlərin ən yaxşı satıldığı yerlərdən biri də “Bazar store”dur. Bizim qiymətlərin bazar qiymətindən fərqli olmasının səbəbləri var. Birincisi, insanlar rahat alış-veriş edir, başına gün döymür, rahat araba ilə mağazanın içində gəzir, çəkidə aldadılmır. Həftəsonu meyvə-tərəvəzin qiyməti bazar qiymətlərindən də ucuz olur deyə, hamı gəlib bizdən alır. Çox cüzi meyvə-tərəvəz xarab olur. Onu da heyvan saxlayan fermalara veririk. Belə baxanda məhsul bazarda da xarab olur”.

“Bizim market” şəbəkəsindən isə bildirilib ki, marketlərdəki qiymətlər meyvə-tərəvəz mağazalarındakı qiymətlərdən ucuzdur: “Bütün supermarketlərdə qarşılıqlı rəqabət səbəbindən qiymətlər aşağı olur. Məhsulların xarab olmasına gəlincə meyvə-tərəvəzin ömrü çox olmadığına görə içində yararsız olanlar da olur. Gündəlik tələbata uyğun sifariş veririk deyə, məhsul xarab olması halı baş vermir. Ümumilikdə yüksək qiymətlərə qarşıyıq”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)