“Rabitəbank”ın pul vəsaitlərində 158 milyonluq azalma - HESABAT
“Rabitəbank”ASC-nin 2019-cu ilin əvvəlinə pul vsaitlərinin həcmi 256 milyon 269 min manat olub, altı ayın sonuna isə 97 milyon 700 min manata düşüb. Bankın pul vəsaitlərində 158 milyon 568 min manatlıq bir azalma baş verib. Təbii ki, biznesdə xərcləməsən, qazanmaq da olmaz, ona görə maraqlıdır ki, bank bu vəsaitlərini nəyə xərcləyib?
ENA.az olaraq göstəriciləri təhlil etsək məlum olur ki, bankın verdiyi kreditlərdən və aldığı qiymətli kağızlardan daxil olan faiz gəlirləri 23 milyon 536 min manat təşkil edib. Bunun 4 milyon 972 min manatını öhdəlikləri üzrə faizlərə xərcləyib. 4 milyon 544 min manat məbləğində haqq və komissiya alıb və eyni məqsədlər üçün 2 milyon 412 min manat xərcləyib. Xarici valyuta ilə əməliyyatlardan bank 1 milyon 172 min manat gəlir götürüb. Bankın dəyişən komandasına müvafiq olaraq işçiləri üçün xərcləri də az deyil və bu məqsədlə ödənilmiş xərclər 7 milyon 283 min manatdır. Bu ilin altı ayında bank kredit portfelinə əlavə 29 milyon manat xərcləyib. Qiymətli kağızların həcmində isə təxminən 24 milyon manata yaxın artım baş verib.
“Rabitəbank” ASC-nin son dövrlərdə açdığı yeni filialları nəzərə alsaq, 5 milyon 836 min manat həcmində vəsaitin əmlak və vəsaitlərin alınması xərclərində oturduğunu görərik. İnvestisiya fəaliyyəti üzrə istifadə edilən pulun həcmi isə 5 milyon 786 min manat təşkil edir. Bank 152 milyon 782 min manatını əməliyyat fəaliyyətində xərclədiyini açıqlayıb.
Aktivlərin likvidlik fərqi
Nəzərə alsaq ki, banklar üçün ən mühüm göstərici aktivlər hesab edilir, ona görə də bir illik müqayisədə “Rabitəbank”da bu göstəricinin necə dəyişdiyinə baxaq. Beləliklə, 2019-cu ilin 1 iyul tarixinə “Rabitəbank”ın aktivləri 611 milyon 404 min manat olub və bu illik müqayisədə 14,2% azdır. Bankın qiymətləndirməsinə görə bu ümumi azalma fonunda ən mühüm göstərici bankın likvid aktivlərinin həcmindədir. Yəni, əgər bir il əvvəl “Rabitəbank”ın 712 milyon 492 min manatlıq aktivlərinin cəmi 234 milyon 649 min manatı likvid idisə, hazırda 611 milyon 404 min manatın 97 milyon 700 min manatı likviddir. Başqa sözlə, 2018-ci ilin birinci yarısında bankın aktivlərinin 33%-I likvid olub, 2019-cu ilin birinci yarısındakı qiymətləndirmələrə görə isə aktivlərin 16%-i likviddir.
Kreditləşmədə aktivlik artıb
30.06.2019-cu il tarixə “Rabitəbank”ın akitvlərinin 346 milyon 502 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son bir ildə bankın kredit portfeli 36% böyüyüb və aktivlərin 57%-ni təşkil edir. Vəsaitlərin daha çevik kreditləşmədəki payı baxımından bu, mövcud banklar arasında pis göstərici deyil. Tendensiyanı həm də “Rabitəbank”ın qiymətli kağızlara yatırdığı investisyanın həcmində də görmək olar. Belə ki, bank ötən ilin eyni dövrü ilə müqayisədə daha risksiz sayılan bu bazardan 36 milyon 175 min manat investisiyasını geri çəkibvə qiymətli kağızlara yatırımlar 76 milyon 158 min manatdan 39 milyon 983 min manata düşüb. Bankın aktivlərin tərkibi ilə bağlı göstəriciləri tam açıqladığını demək mümkün deyil, amma kredit portfelinin göstəriciləri baxımından bütün suallara cavab tapa bilərik.
“Rabitəbank”ın borcu artıb
Bu il iyulun 1-nə “Rabitəbank”ın maliyyə institutlarından cəlb etdiyi vəsaitlərin həcmi artaraq 89 milyon 567 min manata çatıb, borclanmanın daxili, yoxsa xarici mənbələrdən olduğu informasiyası isə açıqlanmır.
Ümumilikdə isə hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 17,4% azalaraq 516 milyon 877 min manat olub. Azalmada depozit portfelinin 24,6% kiçilməsi nəzərə çarpır və ikinci rübün sonuna həcmi 402 milyon 888 min manatdır. Ümumilikdə bankın balans kapitalı 8,9% artaraq 94 milyon 527 min manata yüksəlib. “Rabitəbank”ın nizamnamə kapitalı 50 milyon manat minimum normaya qarşı 101 milyon 300 min manat, məcmu kapitalı 107 milyon 811 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı 12% minimum həddə qarşı 24%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı (norma 6%) isə 19%-dir.
Mənfəət açıqlaması: mindən – milyona
“Rabitəbank” ASC bu ilin birinci yarısını 4 milyon 835 min manat mənfəətlə başa vurub, bu, ötən ilin eyni dövrünə (311 min manat) nisbətən 16 dəfə çoxdur.
Yanvar-iyun aylarında “Rabitəbank”ın gəlirləri 22 milyon 938 min manat təşkil edib. Bankın xalis faiz gəlirləri 13 milyon 53 min manat olub. Qeyri-faiz gəlirləri isə 4 milyon 682 min manata yüksəlib. 18 milyon manat təşkil edən ümumi xərclərdə faiz xərcləri 5 milyon 203 min manat, qeyri-faiz xərcləri 12 milyon 807 min manatdır. Bank xüsusi ehtiyatlara 94 min manat ayırıb, halbuki 2018-ci ilin eyni dövründə “ehtiyat yastığına ayırması” 3 milyon 678 min manat idi.
Beləliklə, bankın cəmi gəlirləri 14 milyon 238 min manat olub. 14.238 milyon - 9.309 milyon (inzibati xərclər) – 94 min (ehtiyata ayırma) = 4.835 milyon manat mənfəət.
“Rabitəbank”dan borc götürənlər kimlərdir?
Bankın kredit portfelinin həcmi 346 milyon 502 min manatdır və bunun 10,5%-i, yəni 36 milyon 416 min manatı gecikmiş kreditlərdir. Vaxtında qaytarılmayan kreditlərin 32 milyon 513 min manatı paytaxt sakinlərinin payına düşür. Ticarət və xidmət sektoru, informasiya və rabitə sektoru üzrə gecikmiş kreditlər daha çoxdur.