Dövlət Sərhəd Xidmətinin əsgəri yaralanıb
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
"ENA" xəbər vrir ki, məlumatda deyilir:
"18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurulmuşdur.
Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanmışdır. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təhlükə yoxdur.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar vermişdir".