“Keşikçidağ”da azərbaycanlı sərhədçilərlə - İNSİDENT
İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib.
“ENA”nın “Birinci kanal”a istinadən verdiyi xəbərə görə, Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan şəxs iddia edib ki, azərbaycanlı sərhədçilər kilsədən ikonaları icazəsiz götürüblər.
Problem qısa zaman ərzində həll edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayaraq ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb.
Nazirliyin məlumatına görə, hazırda kompleksin ərazisində vəziyyət stabilləşib.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.
Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi barədə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.