Goranboyda atışma - Polis və mühafizəçi yaralandı
Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb.
ENA.az xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində olub.
Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar.
Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.
Hadisə zamanı xəsarət alan 1999-cu il təvəllüdlü rayon sakini Əhmədov Təbriz Xalıq oğlu vəfat edib.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.