Cənubi və Mərkəzi Asiya ölkələrindən Azərbaycana axın başlayıb
2019-cu ilin birinci yarısında Azərbaycanı 6.5% çox xarici qonaq ziyarət edib
2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatında bildirilir.
Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub. Bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib.
Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub.
Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım).
Səudiyyə Ərəbistandan gələnlərin sayında isə təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.
2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub – bu artım 17.2% təşkil edib.
Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.