Neftin qiymətində "ABŞ-ın ağırlığı" hər şeyi dəyişə bilər: Fatih Birol açıqlama verdi
Neftin qiymətində dəyişiklik davam edə bilər. Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib ki, qarşıdakı ən böyük problem İranla ABŞ arasındakı gərginliyin və Hörmüz boğazındakı vəziyyətin necə inkişaf edəcəyidir. Qlobal neft ticarətinin üçdəbiri Hörmüz boğazında həyata keçirilir və tankerlər burada Çin, Yaponiya, Koreya Respublikası və Hindistana gedir. Eyni zamanda, təbii qaz ticarətinin də üçdəbiri Asiyada formalaşır. Bu gərginliyi, eləcə də Venesuelada istehsalın azalması və Liviyada vətəndaş müharibəsi kimi proseslərə nəzər saldıqda neftin qiymətinin sabit qalacağını demək çətindir.
F.Birol neftin qiymətində volatillik gözlədiyini deyib: “Neftin qiyməti artan kimi ABŞ bazara daha çox neft çıxarır və bazarı rahatladır. Buna görə də, volatillik davam edəcək. Əlbəttə ki, böyük bir geosiyasi inkişaf olarsa, qiymətdə atım görə bilərik”.
O “qara qızıl”ın qiymətinin 100 dollar/barreli ötəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini bildirib: “Kifayət qədər ehtiyatımız var və bununla bazarı tənzimləyə bilərik”.
Neft bazarında ABŞ-ın ən az OPEC ölkələrinin hamısı qədər söz sahibi olduğuna diqqət çəkən Birol, "OPEC mövqe dəyişdirdi və Rusiya ilə birgə çalışır. Şist nefti inqilabı ilə birlikdə ABŞ Orta Şərqdən neft idxal edən ölkə mövqeyindən hazırda dünyanın bir nömrəli istehsalçısı halına gəldi. İndi də ən böyük ixracatçı olacaq", - deyib.