“Azərenerji”də böyük zərər
“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub. Bu 2017-ci illə müqayisədə təxminən 2 dəfə azdır.
ASC 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı.
ENA.az dövlət şirkətinin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Azərenerji”nin enerji satışından gəliri 1 milyard 45 milyon 470 min manat olub. 2017-ci ildə bu rəqəm 1 milyard 13 milyon 336 min manat idi.
Ümumiyyətlə, ötən il “Azərenerji”nin cəmi gəlirləri 1 milyard 161 milyon 221 min manat, cəmi xərcləri isə 1 milyard 468 milyon 556 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 307 milyon 335 min manat zərər yaranıb.
2017-ci illə müqayisədə 2018-ci ildə “Azərenerji”nin mənfəət vergisindən əvvəlki zərəri təxminən 9 dəfə azalaraq 59 milyon 168 min manata düşüb. Lakin 245 milyon 88 min manat mənfəət vergisi xərci ilə əlaqədar olaraq zərər 307 milyon 335 min manata yüksəlib.